AMEA-da yeni struktur yaradıldı


  • 12:26 / 05 01 2022 |
  • Bölmə: Sosial


AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə İşlər idarəsinin yeni strukturu təsdiqlənib.

"Rupor" xəbər verir ki, bu barədə İşlər idarəsinin 2021-ci ildəki fəaliyyətinə həsr olunan hesabat iclasında qərar verilib.

Qərarın icrasından irəli gələrək idarənin tabeliyində struktur bölmələri yaradılıb, eləcə də idarənin əsasnaməsi təsdiq edilib.

Bilidirilib ki, AMEA əməkdaşlarının sosial-məişət məsələlərinin həlli, onlara sosial xidmətlər göstərilməsi sahəsində mərkəzləşdirilmiş idarəetmə və nəzarət mexanizminin yaradılması, eyni zamanda bu sahədə vahid mərkəzdən koordinasiyanın təmin edilməsi məqsədilə idarənin strukturunda Sosial xidmətlər şöbəsi yaradılıb.

Bundan əlavə, AMEA-da çalışan əməkdaşların təhlükəsizliyini təmin etmək, mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə icra edilməsi, baş verə biləcək təbii xarakterli, texnogen və s. mənşəli fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hadisələr zamanı ehtimal olunan ziyan və itkilərin həcminin maksimum azaldılması, onların nəticələrinin aradan qaldırılması təxirəsalınmaz mühüm vəzifələrin icrası məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə İşlər idarəsinin strukturunda Mülki müdafiə şöbəsi təşkil edilib.

AMEA-da çalışan elmi işçi və digər əməkdaşların, onların ailə üzvlərinin sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müayinə, müalicə, maarifləndirmə, bərpa-sağlamlıq və digər tibbi tədbirlərin həyata keçirilməsi, onların sağlamlığının mühafizəsi istiqamətində vaxtında tibbi xidmətin göstərilməsinin təmin edilməsi zərurəti nəzərə alaraq, AMEA Rəyasət Heyətinin 24 noyabr 2021-ci il tarixli qərarı ilə İşlər idarəsinin nəzdində Tibb Mərkəzinin yaradılması məqsədəuyğun hesab edilib və hazırda bu istiqamətdə müvafiq işlər görülür.

AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə İşlər idarəsinin tabeliyindəki Yataqxanada Akademiyanın müxtəlif institut və strukturlarının 16 əməkdaşı yerləşdirilib. Həmçinin “Alimlər şəhərciyi”ndə baş plana uyğun olaraq çoxmənzilli hündürmərtəbəli yaşayış binaları və digər tikililərin həyata keçirilməsi üçün Podrat müqaviləsi imzalanıb və tikinti işləri sürətlə davam etdirilir.

Bundan əlavə, AMEA-nın Tərtər rayonunda yerləşən Qarabağ Elmi-Tədqiqat Bazasının 1694,60 hektar torpaq sahəsi üçün daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə İşlər idarəsinin adına çıxarışın verilməsi üçün müvafiq müraciətlərin edildiyi, eləcə də AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin 1705 hektar torpaq sahəsinin 50 hektar olan hissəsinin təyinatının dəyişdirilməsi ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə yazışmaların aparıldığı bildirilib.




Oxşar xəbərlər