Şəhid bulağı açıldı - Fotolar


  • 17:33 / 06 01 2022 |
  • Bölmə: Sosial / Cəmiyyət


Şabranda Vətən müharibəsi şəhidinin xatirəsinə inşa edilən bulağın açılışı olub.

"Rupor" "Report"a istinadən xəbər verir ki, Vətən müharibəsi şəhidi Aqil Həsənovun doğum günündə xatirəsinə inşa olunan şəhid bulağının açılışı olub.

Bulaq şəhidin doğulduğu Pirəmsən kəndində istifadəyə verilib.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edənlər şəhidin qısa, lakin şərəfli ömür və döyüş yolundan danışıblar. Onun İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətindən bəhs ediblər.

Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi bildirilib, Qələbənin tarixi əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, Aqil kimi igid oğullarımızın sayəsində Zəfər Günü tarixə yazılıb.

Bulağın açılışından sonra şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.

Məlumat üçün qeyd edək ki, Vətən müharibəsinin ilk şəhidlərindən, qazandığımız parlaq qələbənin ilk müjdəçilərindən olan Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin Şəhidi Aqil Nofəl oğlu Həsənov 1996-cı il yanvarın 6-da Şabran rayonunun Pirəmsən kəndində anadan olub.

Azərbaycan Ordusunun leytenantı olan Aqil Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində savaşıb. Aqil Həsənov sentyabrın 29-da Füzuli döyüşlərində şəhid olub. Şabran rayonunun Pirəmsən kəndində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Aqil Nofəl oğlu Həsənov ölümündən sonra “İgidliyə görə”, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə” , "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.


















Oxşar xəbərlər