Osman Gündüzdən departament rəisinin açıqlamasına sərt cavab


  • 11:21 / 08 01 2022 |
  • Bölmə: Sosial / Hadisə


Dünən "Azəriqaz" İB-də keçirilən növbəti “Açıq qapı” aksiyasında Birliyin Hüquq Departamentinin rəisi Vüqar Eyvazovun "vətəndaşlar yaşadıqları evlərini müvəqqəti də olsa tərk etdikdə “Azəriqaz" İB-yə müraciət etməlidirlər" açıqlaması "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sərt reaksiyasına səbəb olub.  

"Rupor" xəbər verir ki, Osman Gündüz şəxsi "Facebook" hesabında yazıb: 

"Azəriqaz rəsmisi açıqlayıb ki, vətəndaş yaşadığı evi müvəqqəti də olsa tərk edəndə Azəriqaz-a məlumat verməlidir. Azərbaycanın indiki inkişaf mərhələsində bundan absurd açıqlama ola bilməzdi. Həqiqətən hərdən anlamıram bəzi dövlət qurumlarının hərəkətlərini. Ölkədə gedən proseslərlə uzlaşmayan açıqlamalar verilir.
Bir yandan Prezident ötən il rəqəmsal transformasiya ilə bağlı RİNN-ə tapşırıqlar verib. Digər tərəfdən isə 5 il öncə Prezident “Asan Kommunal” Mərkəzinin yaradılması və “Strateji Yol Xəritəsinin” təsdiqlənməsi ilə bağlı sənədlərdə kommunal sektorda innovativ və effektiv idarəetmənin təşkili ilə bağlı VXSİ Dövlət Agentliyinə göstərişlər verib. Yəni, normalda ötən 5 il ərzidə kommunal sektorda vətəndaşlar tərəfindən sayğacların vahid mərkəzdən onlayn idarə edilməsi, heç olmasa ilkin olaraq bir-iki kommunal qurum üçün ayrılıqda bir şəxsi kabinetlər formalaşdırıb bir effektiv idarəetmə sistemi yaradılmalıydı. Amma görünür ki, kommunal sektorda hələlik rəqəmsallaşma, innovasiyalar yetərli inkişaf etməyib. Azəriqaz ötən dövrlərdə vətəndaşlarla münasibətləri daha şəffaf və çevik mexanizmlər əsasında qurmağa çalışsa da və müəyyən qədər buna nail olsa da, görünür ki, milyonların istifadə etdiyi xidmət sektorunda bunlar kifayət etmir. Sektorda sayğacların effektiv idarə edilməsinə, şəffaflığın təmin edilməsinə ciddi innovativ yanaşmalar tətbiq edilməlidir.
Ötən gün bu haqda yazmışdım, Azəriqaz-ın yüz minlərlə vətəndaşı "Sayğac fotosu WhatsApp" əməliyyatında iştiraka dəvət etməsi də müasir, mütərəqqi bir yanaşma deyil. Təəssüf ki, indi də sayğacların effektiv idarəetmə mexanizmləri olmadığından Azəriqaz "EVDƏN ÇIXANDA XƏBƏR EDİN" formasında açıqlama verir. Çox təəssüflənirəm. ASAN -ın, adında “İnnovasiya”, “Asan” sözü olan onlarla qurumu var, ötən il də daha birisini “ASAN İnnovativ İnkişaf Mərkəzini” yaradıb. Amma görünür ki, real vəziyyət innovasiyalardan çox uzaqdır. Ümid edirəm VXSİ Dövlət Agentliyi, RİNN və kommunal qurumlar yığışıb sektorda vahid mərkəzdən onlayn və şəffaf formada idarə olunan, ictimai nəzarət imkanları olan, normal bir sayğac idarəetmə sistemi qura biləcəklər".

"Azəriqaz"ın Hüquq Departamentinin rəisi Vüqar Eyvazovun həmin açıqlamasını təqdim edirik:  

İstər abonentlərin təhlükəsizliyi, istərsə də digər səbəblərdən vətəndaşlar yaşadıqları evlərini müvəqqəti də olsa tərk etdikdə "Azəriqaz" İB-yə müraciət etməlidirlər. Bu, təhlükəsizlik baxımından ona görə önəmlidir ki, hansısa səbəbdən baş vermiş sızmalar və ya digər neqativ hallar təhlükəli anlar yaşatmasın. "Bu addım eyni zamanda sərfiyyatla bağlı yarana biləcək anlaşılmazlığın qarşısını da alacaq", – deyə Eyvazov bildirib. Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev isə media nümayəndələrinin tarif limitlərinin #sıfırlanma səviyyəsi ilə bağlı suallarını cavablandırıb. Departament rəisi abonentlərə səslənərək deyib ki, sərfiyyatın ölçülmə müddəti bir aylıq dövr üçün müəyyən edildiyinə görə, limitlərin yenilənməsi prosesində də bu dövr müddət mütləq nəzərə alınır. Bu baxımdan abonentlərin narahatlığına heç bir əsas yoxdur. Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov isə cari ildə qazlaşacaq kənd və yeni yaşayış massivlərindən danışıb. Qazlaşma prosesinin Birliyin daxili imkanları hesabına aparıldığını deyən şöbə rəisi bu prosesin mərhələli şəkildə icra olunduğuna diqqət çəkib. Hər bir vətəndaşın mavi yanacaqla təmin olunma haqqını xatırladan şöbə rəisi bu haqqın təmin olunması istiqamətində sürətli işlərin getdiyini bildirib". 

Tədbirin sonunda "Azəriqaz" İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev  Birliyin işini ədalətli şəkildə işıqlandıran media qurumlarına təşəkkür edib.

Eldar Orucov



Oxşar xəbərlər