Azərbaycandan Qazaxıstan xalqına müraciət ünvanlandı


  • 16:55 / 19 01 2022 |
  • Bölmə: Sosial


Azərbaycan ziyalıları Qazaxıstan xalqına müraciəti ünvanlayıb. 

Müraciətdə deyilir:      

"Qardaş  Qazaxıstanda baş verən son qanlı olaylar Azərbaycan ictimaiyyətini, o cümlədən  elm və qələm adamlarını qayğılandırdığı qədər, həm də çox narahat edir. Qazaxıstan və Azərbaycan xalqları  qədim dövrlərdən bəri atalarımızın bizə miras qoyduğu  qonşuluq, dostluq və qardaşlıq əlaqələrini bu günümüzə qədər qoruyub gətirib. Bizim dinimiz, inancımız, mədəniyyətimiz, tariximiz birdir. 

Qazaxıstanda  kənar qüvvələrin iştirakı ilə hazırlanan terror və iğtişaşları pisləyir,  hər zaman sülh və həmrəyliyin beşiyi olan   qardaş ölkəyə əmin-amanlıq diləyirik.   Vətənin azadlığı, rifahı və insanların dincliyi yolunda canından keçənlərə Tanrıdan rəhmət diləyirik.  İğtişaşlar nəticəsində yaralananlara can sağlığı, zərəçəkənlərə isə səbr və dözüm arzulayırıq. 

Qazaxıstan azərbaycanlılara hər zaman qucaq açıb. Hələ ötən əsrin 30-cu illərindən etibarən sovet quruluşunun qanlı repressiyasına məriz qalan həmyerlilərimizi  böyük ürəkli qazax xalqı  öz yurdlarında,  ocaqlarında qəbul edib,  onlara sevgi və mehribanlıq göstəriblər.  Qardaş xalqdan bu sevgini görən azərbaycanlılarımız da  sürgünlük illərindən sonra talelərini  Böyük Çölə etibar ediblər.  Böyük Çöldə yaşayan  qazax bacı-qardaşlarla, Qazaxıstana pənah gətirən digər milli azlıqlar və millətlərlə birlikdə Qazaxıstanı qurub-yaradıblar. 

1986-cı ilin 16 dekabrında  Sovet zəncirlərini ilk dəfə qıran Almatıdakı qazax qəhrəmanları oldular. 1991-ci ildə  Qazaxıstan, Azərbaycan çoxdan arzuladıqları müstəqillikilərinə nail oldular. Müstəqilliyin yolu qan-qadalı olur. 

Qazax xalqının taleyi ilə Azərbaycan xalqının taleyi hər zaman oxşar olub. 1990-cı il 19-20 yanvarda  sovet tankları “azadlıq” şüarı ilə  küçələrə çıxan azərbaycanlılara atəş açdı.  Azərbaycanın şərəf və qəhrəmanlıq tarixinə  19-20 yanvar qara hərflərlə  “Qara yanvar” kimi yazıldı. 
O qanlı tarixi yaşadığımız günlərdə qazax xalqı bizim yanmızda oldu.  Dünyanın tanınmış insanı Oljas Süleymenov Almatıdan uçub Bakıya gəldi.  Qazax xalqı adından öz dəstəyini göstərdi. 

Çox əfsuslar olsun ki,  müstəqilliyinin 30 ili ərzində dünya səhnəsində xüsusi yer qazanan Qazaxıstan kimi nüfuzlu,  sülh və həmrəyliyin bərqərar olduğu bir yurdda,  xarici və daxili düşmənlər sabitliyi poza bildilər. İndi Qazaxıstanın da  tarixində  də   “Qanlı  yanvar”  tarixi var.
Vətən və torpaq, dövlətçilik uğrunda canından keçənləri nə tarix, nə də xalq unutmur. 

Biz Azərbaycan ziyalıları, ədəbiyyat və söz adamları   inanırıq ki, güclü və qüdrətli Qazaxıstan dövləti, qeyrətli və mərd qazax xalqı bu qarışıq zamandan üzüağ çıxacaq. Və ədalət zəfər çalacaq!

Biz sülhsevər azərbaycanlılar  həm qardaş Qazaxıstana , həm də bütün dünyaya sülh və əmin-amanlıq arzu edirik!!!

BİRGE BOLAMIZ! BİRGEYİK!!!"

Elxan Zal Qaraxanlı - şair-publisist, Mahmud Kaşqari adına Beynəlxalq Fondun sədri
Ofelya Babayeva - şair, əməkdar müəllim,  “Şöhrət” Ordeni mükafatı laureatı 
Tənzilə Rüstəmxanlı, Azəri Türk Qadınlar Birliyinin sədri, "Şöhrət" ordeni mükafatı laureatı 
Firuz Mustafa -  fəlsəfə elmləri doktoru, yazıçı-dramaturq, əməkdar incəsənət xadimi
Elçin Hüseynbəyli - yazıçı-dramaturq, əməkdar incəsənət xadimi
Yunus Oğuz - yazıçı, “Olaylar” qəzetinin baş redaktoru
Zemfira Məhərrəmli - əməkdar jurnalist
Aida Eyvazlı Göytürk,  beynəlxalq dərəcəli mükafatlar lauraetı, jurnalist-publisist
Varis Yolçiyev - yazıçı, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri.
Əyyub Qiyas - yazıçı dramaturq
İbrahim İlyaslı - şair, Sumayıt poeziya evinin direktoru
Elmar Şeyxzadə, “Mir Literaturı” qəzetinin baş redaktoru
Xəyal Rza - şair, Beynəlxalq Türk Müəllifləri təşkilatının sədri
Əkbər Qoşalı - şair


19 yanvar 2022



Oxşar xəbərlər