Azərbsycanın İrandakı səfirliyində 20 Yanvar qurbanları anıldı - Fotolar


  • 21:07 / 19 01 2022 |
  • Bölmə: Sosial


Azərbaycan Respublikasının İrandakı Səfirliyində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım mərasimi keçirilib.

"Rupor" "Report"a istinadən xəbər verir ki, İran ictimaiyyətinin və bu ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinin, Tehranda yaşayan Azərbaycan vətəndaşlarının və səfirliyin əməkdaşlarının qatıldığı mərasimdə, ilk öncə Səfirlikdə təşkil olunmuş “Şəhidlikdən Müstəqilliyə” adlı foto-sərgiyə baxış keçirilib, iştirakçılar 20 Yanvar Şəhidlərinin xatirəsinə hazırlanmış lövhənin önünə gül dəstələri qoyublar.

Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanan mərasimdə 20 Yanvar hadisələrinə dair film nümayiş olunub və çıxışlar edilib.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə mərasimdə çıxış edərək, tarixə qanlı, eyni zamanda şanlı hərflərlə yazılmış 20 Yanvar Gününün, Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyi bir gün, Azərbayanın öz şəhidləri, mərd oğulları və qızları hesabına öz müstəqillik adını yenidən tarixə yazdığı gün kimi qəbul olunduğunu bildirib. Səfir, həyata keçirilmiş bu qətliamın məqsədinin həmin dövrdə ayağa qalxmış Azərbaycan xalqının azadlıq mübarizəsini boğmaq və Azərbaycan torpaqlarının bir hissəsini Ermənistanın tərkibinə vermək olduğunu qeyd edib, əslində bu prosesin tarix boyu aparıldığını, ermənilərin Zəngəzur, Vedi, Göyçə mahalı kimi bir çox Azərbaycan torpaqlarını öz havadarlarının köməkliyi ilə vaxtilə işğal etdiyini diqqətə çatdırıb.

Əli Əlizadə, Azərbaycan xalqının məruz qaldığı bu təcavüzün indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu hüquqi qiyməti almadığını, bunun səbəbkarı olan Azərbaycanın o vaxtkı rəhbərliyinin həmin dövrdə 20 Yanvarın gerçək miqyas və mahiyyətini beynəlxalq ictimaiyyətdən gizlətməyə, bu hərbi cinayəti həmin dövrdə ört-basdır etməyə çalışdığını qeyd edib. Səfir 20 Yanvar qətliamının həmin dövrdə məhz ulu öndər H.Əliyevin qətiyyəti nəticəsində olduğu kimi dünya ictimaiyyətinin diqqətinə çatdırıldığını və onun sayəsində də bu hadisəyə Azərbaycan Parlamentinin sonradan siyasi-hüquqi qiymət verdiyini bildirib.

Azərbaycan xalqına qarşı əsrlər boyu həyata keçirilən bu qətliamların, etnik təmizləmələrin xalqımızın mübarizliyini və əyilməzliyini qıra bilmədiyini qeyd edən Əli Əlizadə, Azərbaycan dövlətinin və xalqının birliyi, Müzəffər Ali Baş Komandanın qətiyyəti və müdrik rəhbərliyi ilə şanlı ordumuzun zəbt olunmuş torpaqlarımızı işğaldan azad edərək, mübarizliyimizin daimi olduğunu sübuta yetirdiyini və bununla şəhidlərimizin də ruhunu şad etmiş olduğunu diqqətə çatdırıb.

Anım mərasimində çıxış edən İranın tanınmış mədəniyyət işçisi, “Xoca” və “Qanlı Yanvar” filmlərinin prodüseri Əyyub Daneşvər Azərbaycan xalqına qarşı sovet rəhbərliyinin ədalətsiz mövqeyindən danışıb. Nəzərə çatdırıb ki, filmləri üzərində işləyərkən Azərbaycan xalqının ağrı-acısını dərindən başa düşüb və təəsüf hissi keçirib. Haqqını və hüququnu, həmçinin torpaqlarının işğalına son qoymağı tələb edən xalqa qarşı törədilən bu cinayətin insanlığa qarşı törədilən cinayət hesab olunduğunu bildirib.

Azərbaycan, fars və ingilis dillərində hazırlanmış “20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı” press-reliz və bu faciəni əks etdirən fotoşəkillər İranda akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatların Tehrandakı təmsilçiliklərinə, eləcə də yerli kütləvi informasiya vasitələrinə göndərilib. Səfirliyin saytında və sosial şəbəkə səhifələrində 20 Yanvar faciəsi ilə əlaqədar hazırlanmış ətraflı məlumat, press-reliz və fotolar paylaşılıb.





Oxşar xəbərlər