Soydaşlarımız 20 Yanvar şəhidlərini andı - Fotolar


  • 16:25 / 22 01 2022 |
  • Bölmə: Sosial


Rusiya Federasiyasında fəaliyyət göstərən soydaşlarımızın təşəbbüsü ilə Qroznı, Mahaçqala və Kislovodsk şəhərlərində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.
 
"Rupor"a verilən məlumata görə, Çeçenistan Respublikasının həmvətənlərlə əlaqələr üzrə “Yardım” (“Ortsa”) milli agentliyinin Qroznıdakı ofisində baş tutan tədbir 20 Yanvar şəhidlərinin ruhuna duaların oxunması ilə başlayıb.
 
Tədbirdə agentliyin direktor müavini İslam Saydayev, “Soz” millətlərarası analitik-diskussiya klubunun rəhbəri Saypuddin Quçiqov, Azərbaycan diasporunun təmsilçisi Yekaterina Muradova və başqaları çıxış ediblər. Onlar 32 il öncə baş verənləri təkcə Azərbaycan xalqı üçün deyil, həm də SSRİ-nin və müasir Rusiyanın qardaş xalqları üçün faciəli hadisə adlandırıblar.   
   
Sonra tədbir iştirakçıları Qroznıdakı Xalqlar Dostluğu meydanındakı Heydər Əliyev adına parkı ziyarət edərək xalqımızın ümummilli liderinin xatirəsini yad ediblər.  
 
Mahaçqala Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin və Kislovodskdakı "Araz" Azərbaycan Milli Muxtariyyətinin təşkilatçılığı ilə baş tutan tədbirlərdə çıxış edənlər 20 Yanvar hadisələrinin xalqımızın iradəsini  sındıra bilmədiyini, ölkəmizin dövlət müstəqilliyinin bərqərar olması yolunda mübarizəsini daha da gücləndirdiyini nəzərə çatdırıblar. Faciənin ertəsi günü ümummilli lider Heydər Əliyevin bütün təhlükələrə rəğmən, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlməsi, SSRİ rəhbərliyinin qanlı cinayətini ifşa edən kəskin bəyanatla çıxış etməsi misilsiz cəsarət nümunəsi, xalqımıza və diasporumuza böyük dəstək adlandırılıb. Qeyd edilib ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı heç bir zaman unudulmayacaq.
 
Tədbirlər 20 Yanvar şəhidlərinin ruhuna duaların oxunması ilə yekunlaşıb.


 



Oxşar xəbərlər