"Anam dedi, təhsil almırsansa, ailə qur" - Araşdırma


  • 19:20 / 13 05 2022 |
  • Bölmə: Sosial / Hadisə




Azərbaycanda erkən nikah problemi daim aktuallığını saxlamaqda davam edir. Qanunvericilik 18 yaşı nikah həddi kimi təyin etsə də, ölkənin bir sıra bölgəsində 14-15 yaşlı azyaşlıların zorla nikaha cəlb edilməsi, xüsusilə də qız uşaqlarının təhsili yarımçıq qoyaraq ailə qurması müşahidə edilir.


"Rupor" problemi araşdırıb. 


"Anam dedi, təhsil almırsansa, ailə qur"


Evdar xanım 30 yaşlı Rəna Həsənova (ad şərtidir) erkən nikaha öz iradəsinə zidd olaraq cəlb edildiyini bildirib:  
"Anam dedi, təhsil almırsansa, ailə qur. 17 yaşımda ailə qurdum, o qədər də böyük bir sevgi yox idi. Ailələrimizin razılığı ilə baş verdi. Evliliyim 2 il davam etdi. Erkən yaşda ailə qurduğum üçün çox peşman oldum. Xəyallarım var idi, rəssam ya da musiqiçi olmaq istəyirdim. Lakin bunlar həyata keçmədi. Erkən evlilik boşanma ilə yekunlaşdı. 
Səbəblərdən birisi yaş fərqi idi. O, məndən 13 yaş böyük idi. Digər səbəb isə onun qumar oynaması idi. Biz ayrılanda səbəb kimi mənim ana ola bilməyəcəyimi əsas gətirdilər. Anası ondan məni boşamasını istədi. Biz də ayrıldıq. İllər ötdü, tam 9 il sonra ailə qurdum. Övladım da oldu, çox xoşbəxtəm".


15 yaşında 28 yaşlı bir şəxslə ailə qurub 16 yaşında ana olan Fidan Məlikova (ad şərtidir) rastlaşdığı problemlərdən danışıb:
"Çox çətin idi, özüm hələ həyatı dərk etmirdim, erkən yaşda ana oldum. Bu evlilikdən 3 övladım var. Evliliyim davam etsə də, xoşbəxt deyiləm. Uşaqlarıma görə davam edirəm, sadəcə onlara görə. Ayrılmaq istədim, anam mənə dedi ki, uşaqları atalarına ver. Mən də bunu edə bilmərəm".


Psixoloq Vüsalə Əmiraslanovanın fikrincə, qadın üçün evlilik yaşı 25, kişi üçün isə 30-dan yuxarıdır:
"Rayon əhalisi ilə şəhər sakinlərinin düşüncəsi fərqli olur. Şəhərdə daha çox oxumağa, rayonda isə evliliyə meyil edirlər. Şəhərdə də erkən nikah olur. Evlilik olur, 18 yaşda isə nikaha daxil olurlar. 18 yaşın özü də erkən nikahdır. Qadın üçün ideal evlilik yaşı 25, kişi üçün 30-dan yuxarıdır. Uşağı dünyaya gətirməyi düşünsək, deyərik ki, çox gecdir, amma insan artıq özünü tapmış olur. 
Hər bir şəxs öz övladına təhsil verməlidir. Biz bunu anlamalıyıq. Rayonda da yaxşı təhsil var. Rayondan gəlib şəhərdə oxuyanlar var. Biz övladımızdan soruşmalıyıq ki, sən ailə qurmağı seçirsən yoxsa oxumağı? Oxuyub sonra da ailə qurmaq olar. Erkən nikahların qarşısını almaq üçün ortayaşlı nəsli tapmaq lazımdır. Çünki onların evində ən azından 5-6 yaşında olan qızı var, izah edilməlidir ki, qız sənin üçün yük deyil. Hər ailənin psixoloqu da olmalıdır. Mən ümid edirəm ki, gələcəkdə belə olacaq".


Dünyada hər gün 25 min erkən nikah faktı qeydə alınır


Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı qeydə alınır. Hazırda erkən nikahlar daha çox Asiya və Afrika ölkələrində geniş yayılıb. Cənubi Asiyada demək olar ki, qızların yarısı, Afrikada - Saxaradan cənuba gənc qızların üçdə bir hissəsindən çoxu 18 yaşına çatmamış nikaha daxil olurlar. Erkən nikahın ən yüksək göstəricisinə görə Niger – 75%; Çad və Mərkəzi Afrika Respublikası – 68%; Banqladeş – 66%; Qvineya – 63%; Mozambik – 56%; Mali – 55%; Burkina-Faso və Cənubi Sudan – 52%;  Malavi – 50%; Hindistan – 47% göstərici ilə fərqlənir.


Bir sıra Avropa ölkələrində də erkən yaşda nikaha rast gəlmək olur. Məsələn, son illər Böyük Britaniyada 2,6 %, Avstraliyada 1,8 %, İsveçrədə 1,6 %, Fransada 0,8 %, Danimarkada 0,6 % erkən nikah baş verib. Qonşu Türkiyədə də erkən nikah aktual problem olaraq qalmaqdadır. Statistikaya görə, 18 yaşa qədər olan 180 mindən çox qız Türkiyədə nikaha girir.


Günel Ayxan





Oxşar xəbərlər