II Nikolayın son ümidi: Rzaqulu Mirzə Qacar kimdir?


  • 21:26 / 06 06 2022 |
  • Bölmə: Sosial / Hadisə


1918-ci il. Mayın ortaları. Yekaterinburqun mərkəzi küçəsi ilə axşamçağı bir kişi iti addımlarla irəliləyir. Yoldan keçən nadir insanlar ona tərəf baxmamağa çalışır. Şəhərdə gərgin vəziyyət hökm sürür, papağı alnına sürüşdürən kişinin isə hərbi vəzifəli şəxs olduğu hiss olunur. Gənc pəri yad insanın diqqətini cəlb etməyə çalışır, lakin yaraşıqlı şərqli kişinin gözlərindəki odu görəndə dərhal geri çəkilir. O, heç vaxt Uralda belə insanlara rast gəlməmişdi. Bəs Uralın qırmızı paytaxtına cənublunu gətirən nə idi? Həm də belə bir dönüş anında – şəhər mühasirədə olanda. 

Rzaqulu Mirzə Qacar. Əgər imperator II Nikolayın yaxın adamlarından biri küçədə yekaterinburqlu bir qəriblə rastlaşsa, o zaman təəccüblə yasavul (həmin vaxt arıq polkovnik idi) Rzaqulu Mirzə Qacarın əlahəzrətin şəxsi konvoyunu müşayiət etməsini xatırlayar və onu tanıyardı. Parlaq zabit, damarlarında azərbaycanlı qanı daşıyan şah sülaləsinin nümayəndəsi Mirzə Qacar bütün ümidlər artıq puç olanda, imperator ailəsinə sadiq qalan yeganə şəxs idi... Buradaca dayanaq və onu daha yaxından tanıyaq. Ailə torpaqları Rusiyanın tərkibinə daxil olandan sonra Rusiya təbəəsi olan Azərbaycan xanlarından fərqli olaraq Rzaqulunun ailəsi üçün hər şey daha mürəkkəb idi. Onun babası Bəhmən Mirzə Qacar (1811-1884) Persiyanın feldmarşalı və Cənubi Azərbaycan valisi (1842-1847) olmaqla Qacar imperiyasında mühüm siyasi fiqur olub. Bəhmən Mirzənin böyük qardaşı taxta çıxanda və baş nazir (vəzir) Hacı Mirzə Ağası İranın faktiki hökmdarı olanda Rzaqlunun babası Şamaxıya qaçmalı olmuşdu. Tezliklə Bəhmən Mirzənin böyük ailəsi də Rusiya imperiyasına köçür.         I Nikolay yüksək rütbəli “qonağı” məmnuniyyətlə qəbul edir. Ona misli görünməmiş ömürlük pensiya (6000 çervonets) təyin edir və imperiyanın istənilən yerində mənzil seçmək hüququ verir. Bəhmən Mirzənin bütün varislərinə “fars şahzadələri” titulu daşımağa icazə verilir və onlara mütləq “knyazlar” deyilməsi nəzərdə tutulur. Bəhmən Mirzə Qacar Şuşada məskunlaşır. Valideynlər və qardaşlar, Rzaqulu Mirzə Qacarın atası 23 yaşında imperator ordusunda hərbi xidmətə girən Qacarlar sülaləsinin ilk nümayəndəsi olur. O, Rusiya imperatorunun konvoyunun eskadronuna komandirlik edib, general-mayor rütbəsinə qədər yüksəlib. Rzaqulu Mirzə Qacar 1869-cu ildə Rusiya imperiyasının yeni təbəəsi, şah qanından olan azərbaycanlı Rzaqulu Mirzə Qacar dünyaya gəlir. Şahzadə imperatorun xidmətində Generalın oğlu, “fars şahzadəsi” 21 yaşında könüllü olaraq piyada batalyonunda sıravi əsgər kimi qeydə alınır. İki ildən sonra nümunəvi xidmətə görə kadet məktəbinə gedir. Buranı bitirdikdən sonra yenə orduya qayıdır. Əvvəlcə praporşik, sonra podporuçik olur. 1896-ci ildə Rzaqulunun əmisi oğlu (Müzəffərəddin şah Qacar) İran şahı olduqda, o, imperatorun şəxsi konvoyuna köçürülmək üçün namizəd kimi qeydə alınır. Nəhayət, 1902-ci ildə bütün sınaqlardan keçərək Mirzə Qacar imperatoru və ailəsini qoruyan 2-ci Kuban kazak leyb-qvardiyasının həyat mühafizəçiləri sırasına daxil edilir. Hətta burada – kazakların elitası arasında Rzaqulu öz cəsarəti və fədakarlığı ilə seçilir. Birinci dünya müharibəsi illərində ön cəbhədə dövlət başçısının müdafiəsinin təşkilinə görə, Rzaqulu Rusiya imperiyasının ali mükafatı – Müqəddəs Georgi ordeni ilə təltif edilir (ümumilikdə xidmət illərində dörd ordenlə təltif edilib). 1917-ci il fevral inqilabından sonra xüsusi etibarlı şəxs kimi imperator və ailəsinin yaşadığı Aleksandr sarayının daxili otaqlarında xidmət edir. Çar II Nikolayın taxtdan əl çəkməsindən sonra imperatorların ən sadiq zabitlərindən yasavul Rzaqulu Mirzə Qacar ehtiyata göndərilir. Eyni zamanda, görünür, şirnikləşdirmək üçün ona polkovnik rütbəsi verilir. 

Rzaqulu Mirzə Qacar və II Nikolay. Düşünmək olar: konvoydan olan azərbaycanlı yasavul ilə Rusiya imperiyasının hökmdarını nə birləşdirə bilər? Çünki onlar vəzifə etibarilə tamamilə müqayisə olunmaz şəxslərdir. Ancaq onları qulluq mövqeyindən daha çox şey birləşdirdi – bu, qan idi. Onların hər ikisi hökmdarlıq edən evlərin qanını daşıyırdılar və eyni prinsiplər üzərində tərbiyə almışdılar. Yasavul Rzaqulu Mirzə Qacar mühafizəçi olan sıradan bir kazak deyildi. O, II Nikolayın kiçik qardaşı (Böyük Knyaz Mixail) ilə dost idi, imperatorun ailəsi tərəfindən qarşılanır, sonuncunu ən təhlükəli səfərlərdə müşayiət edirdi. Sözə və vəzifəyə sədaqət Rzaqulunun mahiyyətinin tərkib hissəsi idi və Nikolay bunu çox yaxşı bilirdi. Buna görə də təəccüblü deyil ki, Qacar son ana qədər hökmdara və onun ailəsinə kömək etməyə çalışır. Hətta başqaları çoxdan bundan imtina etdikdə... 

Yekaterinburq. II Nikolay artıq taxtdan salınsa da Mirzə Qacar sədaqət andını pozmur, buna görə də 1917-ci ilin avqustunda imperator və ailəsinin göndərildiyi Tobolska gedir. Polkovnik devrilmiş çarın xanımı Aleksandra Fyodorovna ilə xidmətçilər vasitəsilə əlaqə saxlamağa müvəffəq olur. İmperatriçə də qaçmağı düşünür. Lakin II Nikolay qətiyyətlidir. Varis şahzadə xəstədir, devrilmiş çar ən pis halda onun sağalmasını gözləyir. Sonra bolşeviklər gəlir və hər şey kəskin şəkildə dəyişir. Qırmızılarla əməkdaşlıqdan imtina edən çar zabitlərinə qarşı repressiyalar başlayır. Xüsusilə Müvəqqəti Hökumət dövründə belə çar hakimiyyətinə sadiq qalanlara qarşı sərt davranırlar. Onları sadəcə, güllələnirlər. Həmin vaxt Tobolskda olan Rza-Qulu Qacar həbsdən yayına bilir. İmperatorun mühafizəsini gücləndirir, onu ailəsi ilə birlikdə Yekaterinburqa aparmağa qərar verir. 1918-ci ilin may ayında bütün ailə “İpatyev evi”nə (Romanovlar xanədanının son olaraq sığındığı məkan. Çar II Nikolay ailəsi ilə birlikdə 1918-ci ilin iyulun 16-dan 17-nə keçən gecə məhkəmə qərarı olmadan – Ural vilayət fəhlə şurasının icraiyyə komitəsinin qərarı ilə “İpatyev evi” adlanan məkanda güllələnib) aparılır. Mühasirə ərəfəsində Çar ailəsi “İpatyev evi”nə aparılanda Yekaterinburq ətrafında vəziyyət qəfildən gərginləşir. Bolşeviklərin hərəkətlərindən narazılıq ona səbəb olur ki, üsyan qaldıran çex korpusu praktiki olaraq müqavimət göstərmədən şəhərin özünə yaxınlaşır. Ağ ordunun ön sıralarında tanınma nişanı olmayan formada polkovnik Qacardır. O, Uralın paytaxtının tutulması halında yaranacaq bir qədər fərqli vəziyyətdən narahatdır. Rzaqulu hökmdarı xilas etməlidir. Bununla belə, o, tezliklə özünə büruzə verməli olacaq, çünki çarla əlaqə saxlamaq üçün şəhərə daxil olmaq lazımdır. Təbii ki, əlaqə saxlamaq üçün daha asan birini göndərmək mümkün idi. Amma Rzaqulu bilir ki, Nikolay yalnız yüz faiz əmin olduğu adamlara inanacaq. Fakt budur ki, bolşeviklər daim devrilmiş imperatoru qaçmağa təhrik etməyə cəhdlər edirdilər. Bu, çar ailəsindən qurtulmaq üçün sovetlər ölkəsinin rəhbərlərinin üzərindən məsuliyyəti götürən ən əlverişli variant idi. Keçmiş imperiyanın müxtəlif şəhərlərində saxlanılan çar ailəsinin digər nümayəndələri “qaçmağa cəhd edərkən” güllələnib. 

Görüş. Bu, əlbəttə ki, ağılsızlıq idi. Mühasirə vəziyyətində olan şəhərə, hətta onun ən qorunan hissəsinə girmək üçün heç bir şans yox idi. Amma Rzaqulu Mirzə buna nail olur. Burada o, Nikolayın şəxsi kamerdineri, Qacar knyazını şəxsən tanıyan Terenti Çemodurovla görüşməlidir. “İpatyev evi”nin bütün sakinlərinin ciddi ev dustaqlığında olmasına baxmayaraq Çemodurov gizli görüşə gəlir. Onun davranışı Rzaqulunu qane etmir, ona görə də evin içindəki vəziyyətlə bağlı məliumatı dinlədikdən sonra həvəsləndirici sözlərlə kifayətlənir və qeydi növbəti görüşdə təhvil verəcəyini vəd edir (baxmayaraq ki, qeyd onun üzərindədir). Sonra tamaşaya bənzər hadisələr baş verir. Çemodurov Nikolayın yanına qayıdır və ağır xəstə olduğunu bildirir. Nikolay onu xidmətdən uzaqlaşdırır. Lakin Çemodurov VÇK (Fövqəladə Vəziyyət Komisiyası) tərəfindən həbs edilir, sonra həbsxanaya salınır. Çemodurovun Nikolaya nəsə verib-vermədiyi məlum deyil, amma bolşeviklər Yekaterinburqdan ayrılanda siyasi və hərbi işlərlə məşğul olan məhkumların güllələnməsinə başlanır. Nədənsə onlar Çemodurovu unudurlar. Çemodurovun öz izahatları çox da inandırıcı görünmür. Belə ki, o, özü edamdan xilas olmasını möcüzə ilə izah edir. Onun sözlərinə görə, güllələnəcək şəxslərin siyahısı həbsxanaya göndərilib. Siyahı böyük olub və bir səhifəyə sığmayıb, ona görə də Çemodurovun adı vərəqin arxasında yazılıb. Siyahı ilə səhifənin arxa tərəfindəki yazıları yoxlamayan həbsxana rəhbərliyinin səhlənkarlığı ucbatından Çemodurov kameradan güllələnməyə çağırılmayıb. O, Yekaterinburqu qırmızılardan azad edən çexlər tərəfindən həbsdən xilas edilib. Nə olmasından asılı olmayaraq ikinci görüş baş tutmur. Polkovnik imperatorla əlaqə saxlamağa daha bir neçə dəfə cəhd edir, lakin vaxt qalmır. Onun Çemodurova yetişməsi bir neçə ay çəkir, artıq mayın axırları idi. Çar ailəsinin edamına 50 gündən az vaxt qalırdı. Rzaqulu Mirzə Qacarın sonrakı taleyi Çar ailəsi iyulun 16-dan 17-nə keçən gecə güllələnir, ayın 24-dən 25-nə keçən gecə isə Yekaterinburq ağlar tərəfindən faktiki olaraq döyüşsüz alınır. Tərəflərin itkiləri – ağlar tərəfdən 2, qırmızılar tərəfdən 30 nəfər təşkil edir. Ancaq hələ ləng atışma gedəndə belə Mirzə Qacar “İpatyev evi”nə qaçır... Onun ən pis fərziyyəsi özünü doğrultmuşdu. Və o zirzəmiyə enəndə... Nəsə öyrənmək və ya hökmdarın və ailə üzvlərinin nəşinin qalıqlarını tapmaq ümidi ilə Mirzə Qacar daha bir il Yekaterinburqun komendantı olaraq qalacaq. Amma qırmızılar şəhəri geri alanda hərbi xidmətlə əbədi vidalaşaraq mundirini qarmaqdan asacaq. Qacar imperiyasının şahının əmisi oğlu, Rusiya imperiyasının sonuncu imperatoruna xidmət edən Rzaqulu Mirzə Qacar öz xidmətində daha layiqli hədəflər görmürdü. O, tezliklə ABŞ-a mühacirət edir və burada rusdilli “Novoe russkoe slovo” qəzetində müəllif yazıları yazmağa başlayır. Bunlar məqalələrdən çox memuarlardır – sadaqət andı içdiyi, lakin xilas edə bilmədiyi bir insanın xatirəsidir. Polkovnik Rzaqulu Mirzə Qacar ömrünün sonuna qədər bu sualdan əziyyət çəkirdi: o, hökmdarın xilası üçün hər şeyi etdimi? 1941-ci ildə qəzetdə onun son məqaləsi dərc olunur. Bundan sonra Rusiya ordusunun Çara ən sadiq zabiti haqqında heç nə məlum deyil... (Publika.az)




Oxşar xəbərlər