Sahə QHT-ləri meşə yanğnlarına görə qurumlara müraciət ünvanladı - Fotolar


  • 16:19 / 09 09 2022 |
  • Bölmə: Sosial


9 sentyabr tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının ölkənin müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə  bağlı tədbiri keçirilib.

Ölkə QHT-lərinin çoxsaylı müraciəti əsasında təşkil olunan tədbirdə Agentliyin Müşahidə Şurasının üzvü, “Avrasiya Miqrasiya Təşəbbüsləri  Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov, Agentliyin əməkdaşları, ekoloji yönümlü qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Tədbiri açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov bildirib ki, dünyanın müxtəlif bölgələrində hər il baş verən meşə yanğınları minlərlə hektar meşə sahəsinin məhvi ilə nəticələnir. Yaşıllıqların yanması nəticəsində flora və faunaya ciddi ziyanlar dəyir. Təəssüf ki, son illərdə yay aylarının isti və quraqlı keçməsi cari ildə də müşahidə edilmiş və vəziyyətin bu şəkil alması meşə massivlərində yanğın ocaqlarının yaranması üçün əlverişli şərait yaratmışdır.

Bunun nəticəsidir ki, son aylar ölkənin müxtəlif bğlgələrində meşə yanğınlar baş vermiş və, təəssüf ki, həmin yanğınlar qısa zaman kəsiyində əsasən söndürülsə də onların nəticəsində flora və faunaya dəymiş ziyanın aradan qaldırılması uzun müddət tələb edir. 

Eyni zamanda beynəlxalq təcrübə onu göstərir ki, aidiyyəti icra strukturlarının istər meşə yanğınlarının baş verməsinin qarşısının alınması, istərsə də artıq baş vermiş yanğınların fəsadlarının aradan qaldırılması istiqamətində səyləri bu prosesdə cəmiyyətin geniş təbəqələrinin, xüsusilə də vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı ilə müsbət nəticələr verir. Bunu nəzərə alan və müxtəlif icra hakimiyyəti strukturlarının yanğınların qarşısının alınması istiqamətində fəaliyyətini yüksək qiymətləndirən ekoloji yönümlü qeyri-hökumət təşkilatları ölkə ərazilərində baş verən meşə yanğınları ilə əlaqədar narahatçılığını ifadə edir, meşə yanğınları ilə mübarizədə dövlətin yanında olduğunu bildirir və cəmiyyətin bütün təbəqələri kimi vətəndaş cəmiyyəti üzvlərinin də bu prosesdə aktiv olmağa çağırır. 

Tədbirdə çıxış edən qeyri-hökumət təşkilatlarının nümayəndələri – Amin Məmmədov, Pərvanə Xıdırova, Qorxmaz İbrahimli, Sevil Yüzbaşeva, Qəmzə Yusubova, Rahilə Mehtiyeva, İradə Həsənova, Səlim Balayev, Xanoğlan Əhmədov, Nadir İsmayılov, Telman Məmmədov, Sevinc Fədai, Aynur Zülfüqarova Azərbaycan Respublikasında ekoloji tarazlığın qorunması və vətəndaşların sağlam ətraf mühitdə yaşamasının təmini üçün daima çalışdıqlarını, bu prosesdə də vətəndaş cəmiyyəti institutları yaxından iştirak etdiyini qeyd ediblər. Çıxışçılar meşələrin təbii sərvət olduğunu bir daha vurğulayaraq vətəndaş cəmiyyəti üzvlərinin də bu sərvətin qorunmasında, bərpasında daima aktiv fəaliyyət göstərməyə hazır olduqlarını bildiriblər.

Çıxışlardan sonra tədbirin yekunu olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatlarının meşə yanğınları ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciəti səsləndirilib. 

Müraciəti təqdim edirik: 

"Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları olaraq Azərbaycan ərazilərində baş verən meşə yanğınları ilə bağlı narahatçılığımızı bildirir və meşə yanğınları ilə mübarizədə qeyri-hökumət təşkilatları olaraq dövlətin yanında olduğumuzu bildiririk. 

Son dövrlərdə Azərbaycanın müxtəlif bölgələrində baş verən meşə yanğınları cəmiyyətin bütün təbəqələri kimi vətəndaş cəmiyyəti üzvlərini də bu prosesdə aktiv olmağa vadar edir. Biz müxtəlif icra hakimiyyəti strukturlarının meşə yanğınlarının qarşısının alınması istiqamətində fəaliyyətini yüksək qiymətləndirir, bu prosesdə fəal olmaqla aidiyyəti dövlət qurumlarının həyata keçirdikləri tədbirlərə töhfə verməyə hazırıq.

Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq biz, monitorinqlərin keçirilməsi, yerli əhalinin meşələrin qorunması və istifadəsi haqqında maarifləndirilməsi istiqamətində tədbirlərin təşkilində, meşələrin bərpası prosesində yaxından iştirak etməkdə maraqlıyıq və bu prosesdə aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyətə tam hazırıq. 
Meşələr bizim təbii sərvətimizdir və biz, vətəndaş cəmiyyəti üzvləri bu sərvətin qorunmasında, bərpasında hər zaman aktiv fəaliyyət göstərməyə, bu amallar uğrunda bütün səylərimizi səfərbər etməyə, bilik və bacarığımızı bölüşməyə daima hazırıq".











Oxşar xəbərlər