İranın Azərbaycana növbəti xain planı - Şərhlər


  • 09:40 / 29 09 2022 |
  • Bölmə: Sosial / Hadisə


Azərbaycanın öz soydaşlarına hərəkətə keçmək çağırışı etməsi hər an baş verə bilər; “Rəsmi Bakı Tehranın Ermənistanla işbirliyi üzrə bütün faktları ictimaiyyətə açmalı, bu məsələ Güneydə yaşayan soydaşlarımızın diqqət mərkəzinə gətirilməlidir”
İran İslam Respublikasının xain planı üzə çıxıb. Bu plan Azərbaycana, onun ordusuna və xalqına qarşı olaraq, ermənilərlə gizli iş birliyinə əsaslanır. Ermənistan mediası və Azərbaycan saytları üzə çıxan bu xəyanətin bəzi detallarını yazıblar. ‘’Yeni Müsavat’’ qəzeti həmin detalları təqdim edir:
‘’İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistana dəstək verməyə hazırlaşan qonşu İranın xəyanətkar roluna dəlalət edən faktlar ortaya çıxmağa başlayır. İrandakı bəzi qüvvələrin Şimali Azərbaycanın müstəqilliyini hələ də qəbul edə bilməməsi, sevincinə şərik olmaması, qələbəsini qısqanclıqla qarşılaması bizə çoxdan bəllidir.  44 günlük Vətən savaşında da Ermənistana gizli dəstək verən İran bugünlərdə ermənilərə açıq şəkildə hərbi-siyasi dəstəyini də gizlətmədi. Durum təəssüfedicidir. Ən azından ona görə ki, bir müsəlman ölkəsi müsəlman qardaşının yanında deyil, Allahın evində donuz saxlayan, yaşayış yerlərini viran qoyan, mədəni abidələri yox edən erməninin yanındadır. Ancaq artıq kimdən nəyi gözlədiyimizi bildiyimiz üçün bu, bizdə təəccüb də doğurmur. İndi isə yeni faktlar ortaya çıxıb. Ermənistan mətbuatının yazdığına görə, 44 günlük müharibənin başlaması rəsmi Tehran üçün tamamilə gözlənilməz olub.  İran hakimiyyəti Azərbaycan Ordusunun qalibiyyətli hücumunu dayandırmaq üçün Ermənistan hakimiyyətinə hər cür köməklik göstərməyə çalışıb".

Türkiyə və Azərbaycanın İranla müharibəsindən kənarda qalmalıyıq” -  Danielyan | KONKRET
Stepan Danielyan

Tanınmış erməni politoloq Stepan Danielyan bununla bağlı sensasion açıqlama verib.  Onun sözlərinə görə, Ermənistan cəmiyyəti İkinci Qarabağ müharibəsi zamanı İranın Ermənistan hökumətinə təkliflərini öyrənsə, şoka düşəcək.  Danielyanın sözlərinə görə, Paşinyan İranın təkliflərindən imtina edib. Danielyan əmindir ki, Paşinyan bu təklifləri qəbul etsəydi, müharibənin gedişatını və nəticəsini dəyişə bilərdi.

“Sual yaranır: Paşinyan niyə İranın Azərbaycana qarşı təklifindən imtina etdi?”, deyə, - Danielyan soruşur. Erməni politoloq  Paşinyanın bu qərarını  Amerika administrasiyası, xüsusən də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton qarşısında üzərinə götürdüyü məsuliyyət və öhdəliklərlə izah edir. Çünki  həmin vaxt Tramp administrasiyası Paşinyandan İranla sərhədi bağlamağı tələb etmişdi.
Sitat: “2018-ci ildə Bolton Ermənistana səfəri zamanı erməni cəmiyyətini stereotiplərdən qurtulmağa və Türkiyə ilə münasibətlərə yenidən baxmağa çağırıb.  Yəni amerikalılar üçün bu, vacib idi.  Bu, indiki hakim rejimin hakimiyyətə gəlməsi, yəni 2018-ci ildəki hakimiyyət dəyişikliyi üçün əsas şərt idi”, - o əlavə edib.

Danielyanın sözlərinə görə, bu gün İran Azərbaycanın milli təhlükəsizliyini təhdid edir.

Bunu biz erməni politoloq olmadan da görür və bilirik. İran Azərbaycanın güclü dövlət kimi mövcud olmasını istəmir və bizə zərbə vurmaq üçün hər fürsətdən istifadə edir. Təəssüf ki, Azərbaycan daxilində din adı ilə beyni yuyulmuş minlərlə vətəndaşımız xain İran rejiminin maraq və mənafeləri üçün öz ölkəsini belə satmağa hazırdır. Hər il yüzlərlə soydaşımızı Qum şəhərindəki dini məktəblərdə oxutma adı ilə özünə bağlayan İran rejimi anlamalıdır ki, onun daxilində Azərbaycan dövlətinin 40 milyona yaxın dəstəkçisi -  tərəfdarı var. Onlar İran vətəndaşı olan azərbaycanlılardır. Şimali Azərbaycan əhalisinin bir qismini din adı ilə özünə bağlamaqla heç nə əldə edə bilməyəcək - nə qədər çalışsa da bizə qarşı qoya biləcəyi insan resursu bizim İranın xain planlarına qarşı müqavimətə qaldıra biləcəyimiz insan resursundan dəfələrlə az olacaq. Hazırda daxili iğtişaşlardan əziyyət çəkən və öz xalqına normal güzaran yarada bilməyən teokratik İran rejimi anlamalıdır ki, Bakıdan verilən bir işarə ilə durumu daha da pisləşər, qarışar və sonunda məhv olar.

Azərbaycana, onun müsəlman əhalisinə qəsd edən, xəyanət edən İran enində-sonunda bu xainliyin qurbanı olacaq. Lakin o zamana qədər bir sıra suallara cavab verilməlidir: İran illərdir Azərbaycana qarşı fəaliyyət göstərir, zərbələr vurur, İslam respublikası olmasına baxmayaraq, hər zaman Ermənistana dəstək durur. Bunun bir normal izahı varmı? Azərbaycan İrana o qədərmi təhdid təşkil edir ki, bizi Ermənistanın əli ilə məhv etməyə gedəcək qədər xəyanət edə bilir?

Daha bir sual -  bunca xəyanətləri, açıq təhdid və hədələri ortada olduğu halda, necə olur ki, Azərbaycan əhalisinin müəyyən kəsimi din adı altında İrana xidmət edir, ən azından, isti yanaşırlar. Bunun qarşısını almaq üçün Azərbaycan nə etməlidir? Ən sonunda, Azərbaycan dövləti İranda yaşayan soydaşlarımızı nə zamansa köməyə, müqavimətə səsləyə bilərmi? Belə bir çağırış olsa, nəticələr haqqında hansı mülahizələr yürütmək mümkündür?    


Paşinyan və Con Bolton

Elçibəy İnstitutunun rəhbəri Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Stepan Danielyan Ermənistanda ultrafaşist zehiniyyətin əsas daşyıcılarından biridir. Biz onun xəstə təxəyyülünün ifadəsini 44 günlük Vətən müharibəsi zamanı dəfələrlə görmüşük: “O zaman bu xəstə "politoloq" Ermənistan hakimiyyətini Azərbaycan ərazilərinə nüvə tullantılarının atılması çağırışını edirdi, Sərsəng su anbarını və digər su hövzələrini zəhərləməklə ekoloji terror törədilməsinə çağırış edirdi. Həmçinin fosforlu bombalardan istifadə edilərək ətraf mühitin, meşə zolaqlarının yandırılması təşəbbüsləri ilə çıxış eləyən faşist düşüncəli şəxsdir. Onun söylədiyi Con Boltonun Ermənistana, o cümlədən Cənubi Qafqaza səfəri ilə bağlı dediklərində yanlışlıq var- ən azı tarix baxımından. Belə ki, Con Bolton bölgəyə səfər edərkən Nikol Paşinyan artıq Ermənistanda hakimiyyətdə idi. Yəni Ermənistanda hakimiyyət dəyişikliyi ərəfəsi deyildi. O ki qaldı onun İranın planları ilə bağlı dediklərinə, əlbəttə, bu, bizim üçün sirr deyil. Orada müəyyən qədər şişirtmələr var. Belə ki, İran, ümumiyyətlə, Azərbaycan-Ermənistan münaqişəsi zamanı açıq və konkret olaraq Ermənistanın tərəfində durub. İmkanı çatan qədər Ermənistana yardım edib. Həmçinin 44 günlük müharibə zamanı biz İranın bütün vasitələrlə Ermənistana yardım etdiyini gördük. Həm Ermənistana İran ərazisindən daşınan silah-sursat, texnika, ərzaq, yanacaq daxil olmaqla, göndərilən yardımların hər birini sosial şəbəkələrdən, mediadan izlədik. Məhz İranın bu cür xəyanətkar hərəkətlərinə etirazların da şahidi olduq, Güney Azərbaycanın əksər şəhərlərində, bölgələrində İran hakimiyyətinə qarşı etiraz aksiyaları keçirildi. Bu bəlkə də molla rejiminin hakimiyyətdə olduğu müddətdə ilk dəfə idi ki, Azərbaycan əhalisi İran hakimiyyətinə bu qədər kütləvi etirazlar edirdi. İranın Ermənistana hərbi dəstəyinə gəlincə, göndərilən yüklərdən əlavə biz Azərbaycan Ordusunun Araz boyu apardığı hərbi əməliyyatlar zamanı İranın tutduğu xain mövqenin şahidləriyik. Bilirik ki, İran o dövrlər Araz boyu yerləşdirdiyi radioelektron vasitələrlə Azərbaycan Ordusunun hərəkət istiqamətləri, yerləşdiyi mövqelər haqqında operativ şəkildə erməni tərəfinə kəşfiyyat məlumatları ötürürdü. Bu da Azərbaycan Ordusunun əməliyyatlarına maneçilik törətməklə bərabər bizim itkilərimizin artmasına səbəb olurdu. Bizim radioelektron sistemlərimizin fəaliyyətinə əngəllər törədilməsi nəticəsində də işlərimizi çətinləşdirirdilər. Bundan başqa, Xudafərin körpüsünün yaxınlığındaı yerləşdirdiyi postlarda Azərbaycan Ordusunun qarşısına İran hərbçiləri çıxaraq ordumuzun Zəngilan istiqamətində irəliləməsini bir sutkadan artıq ləngitməsi yenə də itkilərimizin sayının artmasına və əməliyyatın sürətinin azalmasına səbəb olmuşdu. 44 günlük savaş getdiyi müddətdə İran siyasi və dini rəhbərliyi tərəfindən verilən açıqlamaları hələ də unutmamışıq. Savaşdan sonrakı ritorika, o cümlədən 10 dekabr Zəfər paradında Türkiyə Prezidentinin söylədiyi bir şeir ətrafında isterika yaratmaq siyasətini də biz unutmamışıq".

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm) - YouTube
Oqtay Qasımov

Ekspert deyir ki, mənəvi, dini, tarixi, mədəni baxımdan götürdükdə İranın belə davranışının normal izahı yoxdur: “Belə ki, özünü İslam dünyasının əsas aparıcı dövləti və guya İslam ümmətinin hamilərindən biri sayan İran müsəlman əhalini müdafiə etmək əvəzinə, İslam abidələrini, müqəddəs yerləri dağıdan, təhqir edən Ermənistanı müdafiə etdi. Bu, İranın dəyişməz bir siyasətidir. İranın dövlət qurumlarında, bir çox universitetlərində, xüsusilə hərbi məktəblərində və ordu içərisində anti-Azərbaycan təbliğatı Azərbaycan müstəqilliyini elan edəndən bəri aparılır. Təbliğatda qeyd olunur müstəqil Azərbaycan Respublikası inkişaf edib firavan cazibədar hala gələ bilər ki, bu da İranın milli təhlükəsizliyi üçün bir təhdid yaradacaq”.

O.Qasımov hesab edir ki, bütün bunlara rəğmən hələ az sayda olsa da azərbaycanlıların İrana inanması cahillik və savadsızlıqla əlaqədardır: “Bu tipli adamlarda vətən, millət, dövlət anlayışları təriqət anlayışından daha geri plandadır. Ona görə də bu cür insanlar hələ də İrana isti yanaşmaqda və onun bütün yanlışlarını belə haqlı görməkdə davam edirlər. Eyni zamanda İranın agentura şəbəkəsinə cəlb edilən adamlar var ki, onlar da İranı müdafiə edirlər. Bunun qarşısının alınmasının isə bir neçə yolu var. Birincisi, İrana və digər xarici ölkələrə dini təhsil almaq üçün tələbə göndərilməsi məsələsi ciddi şəkildə nəzərdən keçirilməlidir və artıq dini təhsil almaq üçün xarici ölkələrə tələbə göndərməyə ehtiyac yoxdur. İkincisi, Azərbaycanda təhsil sistemində ciddi dəyişikliklər baş verməli, əhalimiz savadlanmalıdır. Xüsusi xidmət orqanlarımızın casus və agentura şəbəkələrinin ifşa edilməsi istiqamətində fəaliyyəti ciddi şəkildə genişləndirilməlidir”.

Aygün Muradxanlının şikayəti təmin edilmədi
Aygün Muradxanlı 

“PrimeTV”nin rəhbəri Aygün Muradxanlı isə bildirdi ki, 27 sentyabr 2020-də hərbi əməliyyatların başlamasından az sonra Tehran savaşın dayandırılması çağırışını etmişdi: "İlk suallar elə buradan yaranır - Azərbaycan Ermənistan tərəfindən işğal olunan torpaqlarını azad etmək üçün hərbi əməliyyatlar keçirirsə, bu, İranı niyə narahat edirdi? Əgər gerçəkdən də Tehran iddia etdiyi kimi, bir İslam dövlətidirsə, savaşa təkbirlə gedən ordunun yanında olmalı deyildimi? Belə suallar çoxdur və onların hamısının bir cavabı var - Tehran Azərbaycan Respublikasının varlığını təhdid kimi qəbul edir. Səbəb ölkə içərisində 40 milyonluq Azərbaycan türkünə illərdir sözün əsl mənasında zülm etməsidir. Tehran çox gözəl anlayır ki, Azərbaycan Respublikası gücləndikcə, Güneydə yaşayan soydaşlarımız İran İslam Respublikasını deyil, Azərbaycanı öz dövləti kimi qəbul edir. Buna görə də dövlətimizin dayaqlarının zəiflədilməsi üçün işğalçı Ermənistana dəstək verir. Bu,Tehranın yaxın illərdə qəbul etdiyi siyasət deyil.  200 illik tarix boyu Tehran-Moskva tandemi bu xətti dövlət quruluşundan asılı olmayaraq Azərbaycana qarşı davam etdirib. Sovetlər Birliyi dağılandan sonra Tehran bu məsələdə yeni taktikalar işə salıb. İlk zamanlar təriqət təbliğatı ilə Quzeydəki azərbaycanlıların beynini yumağa çalışan Tehran son dönəmlər narkotikanı bu siyasətinin mərkəzinə qoyub. Çünki Ermənistana dəstəyi faş olduqca artıq din faktoru işləmədi. Bu gün Azərbaycanda minlərlə insan var ki, təriqət xətti ilə bir zamanlar İrana doğmalıq duyurdu, amma Tehranın dövlətimizə, ordumuza qarşı addımlarından sonra qatı anti-İran mövqeyindədir. Amma buradakı Quma bağlı ciddi bir "din" şəbəkəsi qalmaqdadır və onların özəlliklə sosial şəbəkələr üzərindən sərbəst təbliğat aparması qətiyyən qəbul edilməməlidir. Çünki onların apardığı təbliğat birmənalı olaraq Azərbaycan dövlətinə, Türkiyəyə, Azərbaycan-Türkiyə birliyinə qarşıdır ki, bu bizim 44 günlük qələbə formulumuza ziddir. Bu səbəbdən Qum şəbəkəsinə qarşı olduqca sərt addımlar atılmalı, Ermənistana açıq hərbi-siyasi dəstək verən Tehranın Azərbaycandakı təbliğatçıları cəzalandırılmalıdır".

 A.Muradxanlı qeyd etdi ki, rəsmi Bakı Tehranın Ermənistanla işbirliyi üzrə bütün faktları ictimaiyyətə açmalı, bu məsələ Güneydə yaşayan soydaşlarımızın diqqət mərkəzinə gətirilməlidir: “Çünki Azərbaycan ən son ana qədər İrana normal qonşuluq təklif etdi. 10 dekabr Zəfər paradında Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan regionda barış və təhlükəsizlik üçün 6-lıq format təklif etdi. Azərbaycan Prezidenti hörmətli İlham Əliyev Xudafərini dostluq körpüsü adlandırdı. Cavab nə oldu? Tehran İrəvana daha çox yaxınlaşmaq siyasətini seçdi, İlham Əliyev Araz boyu sərhədlərə, Xudafərinə səfər edəndə ərazilərə snayper yerləşdirdi. Azərbaycana narkotik transferini artırdı, Kərimə dövləti əllaməçilərini ortaya atdı, diplomatları açıq şəkildə bildirdilər ki, Azərbaycan Respublikasının varlığı İran üçün təhdiddir. İran bir an belə unutmamalıdır ki, 30 il çalışmasına baxmayaraq, Azərbaycan Respublikasında uzağı 30-40 minlik bir şəbəkə formalaşdırıb və onları sıradan çıxarmaq çətin deyil, amma Azərbaycanın İranda 40 milyonluq dayağı var. Bakının bir çağırışı yetər ki, İranın altı üstünə çevrilsin. İranın sentyabrın 12-13-də Kəlbəcərdə Azərbaycan Ordusuna qarşı təxribatlarda əli olması xəbərləri Azərbaycanda çox böyük qəzəblə qarşılanıb. İranın layiqli cavabını həm Quzey, həm də Güney Azərbaycandan alacağına əminəm”

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”




Oxşar xəbərlər