Abşeronda "Hiperaktiv uşaqlar üçün ART Terapiya" layihəsi həyata keçirilir - Fotolar


  • 15:49 / 06 10 2022 |
  • Bölmə: Sosial



Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində "Fərdi layihələr" kateqoriyasında qalib olmuş Məmmədli Kənd Tam Orta Məktəbin ibtidai sinif müəllimi Abdulova Ülviyyə Tahir qızının “Suyun rəngli yuxuları” - Hiperaktiv uşaqlar üçün ART Terapiya layihəsinin icrasına start verilib.

Məmmədli Kənd Tam Orta Məktəbində baş tutan layihənin ilk təqdimatında Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı Xanım İmanova, Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Abşeron qəzetinin baş redaktoru Şəhla Ağbulud, Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova, gənc rəssamlar və Məmmədli Kənd Tam Orta Məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Layihənin açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamı əsasında Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsinin V və VI müsabiqələrində qalib olduğunu vurğulayan Ülviyyə Abdulova layihənin məqsədi haqqında iştirakçılara məlumat verib. O, bildirib ki, layihənin əsas məqsədi incəsənət vasitələrindən istifadə etməklə şagirdlərin yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaqdır.

Daha sonra çıxış edənlərdən Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı Xanım İmanova, Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev, Abşeron qəzetinin baş redaktoru Şəhla Ağbulud, Abşeron-Xızı Regional Təhsil İdarəsinin psixoloqu İstək Bəxtiyarova və digər natiqlər qeyd ediblər ki,  təhsil sahəsinin inkişafı Azərbaycanda prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ümummilli Liderin təhsil siyasəti uğurla davam etdirilir. Təhsilin müasir hədəflərinə doğru qəbul olunmuş strateji inkişaf sənədlərinin müddəaları yüksək dəqiqliklə həyata keçirilir. 

Bildirilib ki, Cənab Prezident İlham Əliyev tərəfindən təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcək. Yaradılmış şərait və dövlət qayğısı təhsil işçilərini ruhlandırır, onları öz fəaliyyətlərinə daha yaradıcı yanaşmağa sövq edir.

Tədbirdə həmçinin dövlət siyasətində uşaqlara qayğı, uşaq hüquqlarının qorunması, təhsil alması, sağlam böyüməsi və həyata hazırlanması üçün “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın əhəmiyyəti vurğulanıb.

Sonda layihə ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.







Oxşar xəbərlər