Mübariz Qurbanlı könüllülərlə görüşdü - Onlayn


  • 16:35 / 02 09 2020 |
  • Bölmə: Sosial


Sentyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının Komitənin “Könüllü fəaliyyət” layihəsinin iştirakçıları ilə onlayn formatda görüşü keçirilib.

"Rupor"a Komitədən verilən məlumata görə, Mübariz Qurbanlı Dövlət Komitəsinin öz fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin və könüllülərin iştirakını əsas götürdüyünü bildirib. Dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti barədə məlumat verərək qeyd edib ki, DQİDK və tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu, eləcə də İlahiyyat İnstitutu könüllülərin və gənclərin fəaliyyətə cəlb edilmələri üçün zəruri tədbirlər görüblər. Mövcud pandemiya müddətində hər iki qurumun könüllüləri istər xeyriyyə məqsədilə təşkil edilmiş tədbirlərdə, istərsə də keçirilən layihələrdə yaxından iştirak ediblər.

Komitə sədri bundan sonra da könüllü gənclərin Dövlət Komitəsi tərəfindən reallaşdırılacaq layihələrə cəlb ediləcəyini, mövcud pandemiya dövründə isə Komitə rəhbərliyi və rəsmiləri ilə mütəmadi olaraq onlayn formatda görüşlərinin keçiriləcəyini qeyd edib. Ölkəmizdə könüllülük proqramının çox yüksək səviyyədə təşkil edildiyini vurğulayan sədr Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da bu sahəyə göstərdiyi xüsusi diqqətdən, bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən və proqramın sferasının son illər necə genişləndiyindən söhbət açıb.

Dövlət Komitəsinin “Könüllülük fəaliyyəti” layihəsinə qoşulduqları üçün gənclərə təşəkkürünü bildirən Mübariz Qurbanlı DQİDK-nın bütün fəaliyyət istiqamətləri, iş mühiti barədə geniş məlumat əldə etmək imkanı verən bu önəmli təşəbbüsün onların gələcək fəaliyyətlərinə öz müsbət təsirini göstərəcəyinə ümidvar olduğunu deyib. 

Qeyd edək ki, könüllü kimi fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən xüsusi sertifikatlar veriləcək ki, bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaq.





Oxşar xəbərlər