Polis şöbəsində işgəncə: Araq butulkası ilə...


  • 11:53 / 24 11 2022 |
  • Bölmə: Sosial


Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə davam etdirilib.

"Rupor"
xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanov ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə bağlı tərəflərin suallarını cavablandırıb.

Müdafiə tərəfi ifadənin yerində yoxlanılmasına aparılan zaman onun təzyiqlərə məruz qalıb-qalmamasını soruşub. İ.Süleymanov bildirib ki, o hadisə yerinə aparılmazdan əvvəl Tovuz Rayon Polis Şöbəsinin rəis müavini olmuş Şahlar Cəfərov ona hədə-qorxu gəlib, işgəncə verib: "Dedi ki, lazım gəlsə, əlli nəfər əlisilahlı gətizdirərəm, oranı mühasirəyə alaram. Başıma və bədənimin başqa yerlərinə araq şüşəsi ilə zərbələr vurdu. Bir nəfər polis əməliyyatçısı içəri daxil olub, Baş Prokurorluqdan gələnlərin qabağında artıq-əskik danışmamağımı tapşırdı".

Daha sonra İlkin Süleymanov dövlət ittihamçısının suallarını cavablandırıb.

Bildirib ki, ona şöbədə o qədər işgəncə veriblər ki, ayaqları şişib və ayaqqabı geyinən bilməyib. Ona görə də hadisə yerinə gedərkən ayağına çəkələk geyinib.

İlkin Süleymanov prokurorun bir neçə sualına “yadımda qalmayıb”, “bilmirəm” kimi cavablar verib.

Məhkəməyə sədrlik edən hakim Dadaş İmanov İlkin Süleymanovdan hər şeyi düzgün danışmasını istəyib: "İlkin, əmin ol ki, mən sənin barəndə ən obyektiv qərarı verəcəm. Ona görə burda hər şeyi dəqiqliyi ilə danış. İttiham sənə istintaqa verdiyin ifadə əsasında verilib, indi hər şeyi dəqiqliyi ilə danışmalısan ki, biz obyektiv qərar çıxara bilək”.

Proses noyabrın 29-u davam etdiriləcək.



Oxşar xəbərlər