Valideyinin məktəbə verdiyi maddi yardımın hara xərcləndiyindən xəbəri varmı? - TƏHLİL


  • 10:00 / 09 12 2020 |
  • Bölmə: Sosial / Cəmiyyət


AzEdu.az təhsil jurnalisti Niyazi Rəhimovun tədrislə bağlı ən çox müzakirə olunan məsələlərdən biri ilə bağlı təhlil yazısını yayımlayıb.
"Rupor" həmin yazını təqdim edir: 

Bu günlərdə Təhsil naziri Emin Əmrullayev Təhsil Televiziyasına verdiyi müsahibədə məktəblərdə əlavə pulların yığılması ilə bağlı fikirlərə münasibət bildirib: “Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir. Amma eyni zamanda valideynin məktəbə kömək etmə hüququ və səlahiyyəti var. Bu həmişə o qədər də xoşagəlməz hal kimi qiymətləndirilməməlidir”.
Nazirin hər iki fikri ilə də razıyam. Bəli, valideynin məktəbə kömək etməsi xoşagəlməz yox, təqdir edilməli haldır. Onu da deyim ki, bu könüllülük prinsipi ilə qanunvericilikdə də öz əksini tapır. Heç bir valideyn də zorla pul verməyə məcbur edilmir. Bu da aydın məsələdir. Amma baxaq görək dünyanın inkişaf etmiş cəmiyyətlərində bu məsələyə necə yanaşırlar, bizdə bununla bağlı mövcud vəziyyət necədir? 
Gəlin öncə dünya təcrübəsinə nəzər salaq. Deməli, dünyanın inkişaf etmiş ölkələrində, sivil cəmiyyətlərdə valideynlər məktəbə könüllü olaraq, heç bir təzyiq olmadan maddi dəstək göstərir. Onlar təhsil ocaqlarında təlim-tərbiyə işinin mükəmməl şəkildə qurulmasına, maddi-texniki bazanın daha da güclənməsinə öz töhfələrini verir. Çünki onlar üçün məktəb bir məbəd hesab olunur. Düşünürlər ki, məktəb onların övladlarını yetişdirir, təhsil verir. Bu baxımdan da məktəb üçün fədakarlıq etməyə  könüldən can atırlar. 
Bizdə isə vəziyyət istisnalar olmaqla biraz fərqlidir. Cəmiyyətimizdə həmişə məktəbdə edilən maddi dəstək müzakirə mövzusu olur. Səbəbləri isə coxdur. İndi gəlin səbəbləri araşdıraq. Baxaq görək valideynlər niyə məktəbə könül xoşluğu ilə, ürəkdən kömək etmək istəmirlər.
Etiraf edək ki, illərdir məktəblərimizdə müəyyən adlar altında pullar yığılıb. Bu vəziyyət əvvəlki illərlə müqayisədə son illər xeyli azalsa da, artıq valideynlərin, cəmiyyətin hələ də düşüncələrində “fond pulu”, “süpürgə pulu” kimi şərti adlar altında pul yığımları  qalmaqdadır.
Unutmayaq ki, valideyn də cəmiyyətin üzvüdür və baş verən proseslərdən həm agah olur, həm də təhlil edir. Məsələn, valideyn görür ki, qonşusu və yaxud qohumu məktəb rəhbəri qısa zamanda maddi rifahını yaxşılaşdırır. Maşınını təzələyir, təmtəraqlı həyat sürməyə başlayır. Belə olduğu halda valideyn dərhal düşünür ki, direktor fond pulu adı altında yığılan vəsaitin bir qismini mənimsəyir.
 

Valideyn bunu ətrafında olan və həmin məktəbdə çalışan müəllimdən də eşidir, digər şəxslərdən də. Digər bir məsələ isə məktəb-valideyn əlaqələrinin zəif olması, yığılan pulların xərclənməsi ilə bağlı valideynə məlumat verilməməsidir. Bütün bunlar istər-istəməz valideyndə məktəbə, məktəb rəhbərlərinə inamsızlıq yaradır. Ona görə də valideyn məktəbə dəstək olmağa, kömək etməyə maraq göstərmək istəmir. Dəstək olanda isə bunu könülsüz edir.
                            
Bəs, məktəbə əlavə pul lazımdırmı?  
 
Dövlətimizin qarşıya qoyduğu ən böyük məqsədlərdən biri də ölkəmizdə məktəblərin maddi-texniki bazasını gücləndirmək, şagirdlərimizin geniş, işıqlı, şəraitli məktəblərdə təhsil almasını təmin etməkdir. Bu məqsədlə də ölkəmizdə illərdir yeni məktəblər tikilir, bəzilər isə əsaslı təmir edilir. Təkcə son 3-4 il ərzində yüzlərlə müasir tipli modul məktəblər istifadəyə verilib. Ən ucqar kəndlərimizdə belə bu gün maddi-texniki bazası yüksək səviyyədə olan məktəblərimiz var. Dövlətimiz məktəblərimizdə cari işlər, kargüzarlıq və sairə işlər üçün də hər il kifayət qədər vəsait ayırır. Bütün bunlar öz yerində.  Amma məktəblərimizdə həm müəllimlərin, həm də şagirdlərin istəklərinə uyğun müəyyən izafi xərclərə də ehtiyac olduğunu nəzərə almalıyıq. Məsələn, tutaq ki, məktəbdə hər hansı bir əlamətdar gün ilə bağlı bir tədbir keçirilir. Həmin tədbiri daha da baxımlı, gözəl keçirmək üçün səsgücləndirici aparat, bəzən musuqiçi və adını çəkmədiyimiz bir çox şeylər lazım olur. Bundan başqa tədbirdə şagirdə tutaq ki, milli və yaxud hərbi geyim lazım olur. Hələ tədbirə gələn qonaqlar üçün təşkil edilən çay süfrəsini və sairələri də siyahıya salmaq olar. Sadaladıqlarım hamımızın bildiyi, bizə məlum olan məsələlərdir. Düzdürmü? Baxın ən adi bir tədbiri keçirməyə görürük ki, minimal da olsa vəsait lazımdır. Oda məlumdur ki, belə tədbirlər həm fəaliyyət planına uyğun keçirilir, həm də təbii ki, şagirdlərin bir vətəndaş kimi formalaşmasına töhfə verir.
Bundan başqa məktəbdə tez-tez sıradan çıxan su kranları, qapı cəftələri və sair və ilaxır. Siyahıya çox şeyləri əlavə etmək olar. Ancaq yəqin ki, nə demək istədiyimi hamı yaxşı başa düşdü. Ona görə də birmənalı olaraq desək ki, məktəbə əlavə pul lazım deyil, məncə bu səmimi olmaz.
 
Bəs, valideynlər məktəbə necə dəstək olab bilər? Bunun ən optimal yolu hansıdır?
 
Düşünürəm ki, öncə valideyndə inam yaranmalıdır. Valideyn məktəbə verdiyi məvacibi hansı istiqamətdə xərcləndiyini bilməlidir. Bu valideynin haqqıdır. Məncə, nazirin dediyi kimi düzgün qurulan icmalarla bu işi yüksək səviyyədə həyata keçirmək olar. Bunun üçün bizim müəyyən qədər təcrübəmiz də var. Uzun illərdir Azərbaycan fəaliyyət göstərən Valideyn-Müəllim-Asossiyasiyası ( VMA) bu işin öhdəsindən gələ bilər. Necə?
Məncə, VMA ictimai birlik kimi daha da genişlənməlidir. Ölkəmizin bütün məktəblərində VMA-lar yaradılmalıdır.  VMA-nın ümumi nizamnaməsinə yenidən baxılmalı, bu nizamnamə geniş gəkildə müzakirə olmalıdır. VMA-nın hər məktəbdə təxminən 10 nəfərdən ibarət idarə heyəti seçilməli, idarə heyətinin sədri təyin edilməlidir. İdarə heyətinin sədri hər ilə yenisi ilə əvəzlənməlidir. Məktəb rəhbəriliyi ilə VMA arasında sıx əlaqələr qurulmalı, müxtəlif məsələlər müzakirə olunmalıdır. Haşiyədən kənara çıxıraq deyim ki, bu təkcə təminatla bağlı deyil, təlim-tərbiyyə məsələlərində də VMA üzvləri məlumatlanmalıdır.
Tədris ilinin əvvəlində VMA idarə heyəti ilə məktəb rəhbərliyi birlikdə illik plan qurmalı, məktəbin digər izafi xərclərini hesablamalıdır. Bu hesablamalarda müəyyən qədər əlavə məbləğdə saxlamalıdır ki, nəzərdə tutulmayan işlərə xərclənsin. Həmin idarə heyətinin tərkibində mühasibat işini bilənin olması daha məqsədəuyğun olar. Məktəbə xərclənən pullar qaimə, çeklə və sonunda ayda bir dəfə idarə heyəti tərəfindən aktlaşdırılmalıdır. Hər ayda bir dəfə idarə heyətinin iclası keçirilməli, xərclənən vəsait məktəb ictimaiyyətinə çatdırılmalıdır. Valideynlərə mütamadi məlumat verilməlidir. Hətta valideynləri məlumatlandırmaq üçün məktəbin xüsusi saytında açıqlama da vermək daha yaxı olar.
Zənnimcə valideyn və məktəb arasında normal əlaqələr olsa, şəffav mühit  yaranarsa bir çox valideyn məmuniyyətlə məktəb icmasına kömək edər. Özü də cani könüldən.
 
Valideynlər tərəfində yığılan pullarla nələr etmək olar?
 
Düşünürəm ki, valideynlərin məktəbə maddi dəstəyi tədris ocağında bir canlanma yaradar. Yığılan pullarla bir sıra lazımı avadanlıqlar alınar, ekskursiyalar təşkil olunar.  Uşaqların bədii estetik zövqünü formalaşdırmaq üçün teatr, muzey və digər yerlərə getmələrini təmin etmək olar. Məktəbdə fərqlənən müəllimlərə, şagirdlərə icma adından stimulverici hədiyyələr vermək olar. Budan başqa məktəbdaxili sosial layihələr həyata keçirilər.  Məsələn, aztəminatlı ailələrin uşaqlarına, səhhəti ilə bağlı problemi olan müəllimin  müəlicəsinə kömək olmaq olar. Yəni bir ailə kimi. Tutaq ki, VMA-nın illik planlamasında “Müəllimlər günü” ilə bağlı bütün pedaqoji heyətə hədiyyə alınıb, icma tərəfindən təqdim oluna bilər. Çox şey sadalamaq olar. Yetər ki, düzgün mexanizm, saf niyyət olsun.  




Oxşar xəbərlər