Multikulturalizm Mərkəzində onlayn kitab təqdimat keçirildi


  • 15:11 / 14 04 2021 |
  • Bölmə: Xəbərlər


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının onlayn təqdimatını keçirib. Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə baş tutub. Mərkəzin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla çıxış edərək bildirib ki, kitabın “Ön söz”ündə qeyd edildiyi kimi, müasir dünyada hər bir xalqın mədəniyyətində multikulturalizmin iki fəlsəfi mənası vardır ki, biri birlik, digəri isə müxtəliflik kimi qəbul edilir. Azərbaycanın mədəni müxtəlifliliyi “Azərbaycançılıq” ideologiyasının əsasında formalaşmışdır. Bu ideologiya mədəniyyətimizin bütün xüsusiyyət və komponentlərini özündə ehtiva edir.

Ümummilli Lider Heydər Əliyev bu ideologiyada mədəni müxtəlifliyin əsaslarını xüsusi olaraq vurğulayıb. Cəmiyyətimizdə, eləcə də beynəlxalq aləmdə multikulturalizmə marağın artması ölkə Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır. Bu mənada İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ildən Bakıda keçirilən və artıq ümumdünya ənənə halını almış “Bakı Beynəlxalq Humanitar Forumu”, “Mədəniyyətlərarası dialoq forumu”, 2008-ci ildə əsası qoyulan “Bakı prosesi” və digər mötəbər beynəlxalq konfranslar xüsusi əhəmiyyət kəsb edir. Bu forumların təşkilində ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu vardır. Kitabın həmmüəllifləri İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, fəlsəfə elmləri doktoru Sakit Hüseynov, fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov və fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Qəşəmoğlu çıxışlarında  müasir dövrdə miqrasiya, terror, müxtəlif dövlətlərin qarşıdurması, identiklik, müxtəliflik, bərabərlik, ayrı-seçkilik, tolerantlıq və zorakılıq kimi ziddiyyətlərin həllinin daha çox aktuallıq kəsb etdiyini vurğulayaraq yaxın gələcəkdə də bu məsələlərin aktual olaraq qalacağını qeyd ediblər. Bu baxımdan multikulturalizm siyasətinin davam etdirilməsinin müasir cəmiyyətlərdə mədəni inteqrasiyanın və mədəni dəyərlərin necə yönləndiriləcəyi baxımından xüsusi önəm daşımasını vurğulayıblar. 

Daha sonra Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, “Samur” Ləzgi milli mərkəzinin rəhbəri İmran Rzayev, Azərbaycan Alban-Udi xristian icmasının rəhbəri Robert Mobili, Azərbaycan-Ukrayna Konqresi ictimai birliyinin sədri Yuriy Osadçenko və Azərbaycan Dillər Universitetinin magistri Kəmalə Həsənova çıxış edərək müasir dövrdə hər bir toplumun mədəniyyətinin göstəricisi kimi müxtəlifliyin təkzib edilməz fakt olaraq qəbul edilməsini ifadə ediblər. Çıxışçılar bildiriblər ki, Azərbaycan müxtəlif etnosların, konfessiyaların tarixən birgə yaşadıqları məkandır. Bu gün də ölkəmiz tolerant dəyərlərə üstünlük verir və mədəni müxtəlifliyin yaşandığı yer kimi dünyaya səs salıb.

Qeyd edək ki, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ikinci olan kitabın baş elmi redaktoru akademik Kamal Abdulla, tərtibçilər – fəlsəfə elmləri doktorları İlham Məmmədzadə, Sakit Hüseynov, Aydın Əlizadə, Adil Əsədov, fəlsəfə üzrə fəlsəfə doktorları Əhməd Qəşəmoğlu, Rəşad ilyasov, Elsevər Səmədov, ilahiyyat üzrə fəlsəfə doktorları Aqil Şirinov, Əli Fərhadov, rəyçi – professor Kamran İmanov, nəşrə məsul fəlsəfə doktoru Rəşad İlyasov,  redaktor Tahir Kazımlıdır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti
 




Oxşar xəbərlər