Hər açılan səhər bizə qələbə gətirir - Ehtiyatda olan zabit yazır


  • 13:31 / 20 10 2020 |
  • Bölmə: Xəbərlər


Azərbaycan Respublikasının Prezidenti , Ali Baş Komandan cənab İlham Əliyevin müəllifliyi  ilə Azərbaycanın müstəqillik  tarixinin şanlı səhifələri qızıl hərflərlə yazılır .
  

Azərbaycan Ordusunun Qarabağda apardığı uğurlu əməliyyatlar, haqq savaşı sürətlə böyük qələbəni yaxınlaşdırır. Bu günə qədər 40-dan çox yaşayış məntəqəsi, 2 şəhər ,1 qəsəbə və 71 kənd düşməndən azad edilib və hər gün bu rəqəmələr artımla dəyişir. Həm şimal, həm cənub, həm də şərq istiqamətində strateji yüsəkliklər artıq ordumuzun nəzarətindədir. İşğalçı Ermənistan haqq savaşı aparan Azərbaycan Ordusu  qarşısında əlbəttə ki, duruş gətirə bimir. Müzəffər Ordumuz tərəfindən bu günə kimi düşmənin 234 tankı məhv edilib, 36 tank qənimət kimi götürülüb, 49 piyada döyüş maşını məhv edilib, 24 –ü qənimət kimi götürülüb,196 yük avtomobili məhv edilib,98-i qənimət kimi götürülüb, 4 ədəd S-300 raketi, 2 ədəd SU -35 düşmən təyyarəsi, çoxsaylı artilleriya qurğuları, raket sistemləri , canlı qüvvəsi məhv edilib,  xeyli sayda hərbi texnikası , silah- sursatı ələ keçirilib . Cəbhə xətti boyunca işğalçının müdafiə istehkamları darmadağın edilməkdədir. İşğal edilmiş torpaqlarımız azad edildikdən sonra orada ucaldılan üçrəngli bayrağımız düşmənə gözdağı verir . 
Məğlubiyyətini qəbul etmək istəməyən Ermənistan dünyanın gözü qarşısında  ard-arda müharibə cinayətləri törətməkdən çəkinmir . Tərəflər arasında humanitar atəşkəs razılaşmasının əldə olunmasına baxmayaraq , Ermənistanın hərbi- siyasi rəhbərliyi təxribatlarından , çirkin əməllərindən əl çəkmirlər.Səbəbi isə hər kəsə bəllidir .
Azərbaycan Ordusunun hədəfi hərbi obyektlər olduğu halda, Ermənistan  hər zamankı kimi,  “gücünü “ dinc əhali üzərində sınayır. Mülki əhalinin hədəfə alınması Gəncəyə  ard-arda ballistik raket atılması ilə pik həddə çatdı . Tərtərdə dəfn mərasimində iştirak edən insanlara artilleriya atəşi açmaq Ermənistanın dünyanın gözü qarşısında törətdiyi saysız  - hesabsız cinayətlər sırasına daxil oldu .
Artıq hamıya məlumdur ki, savaş meydanında uduzduğunu görən Paşinyanın bu çirkin oyunları oynamaqda əsas məqsədi Azərbaycanı dayandırmaq və münaqişəyə kənar qüvvələri cəlb etməkdir.
 Ermənistanın bu ağır cinayətlərinə beynəlxalq birliyin, xüsusən, Minsk qrupu həmsədrlərinin səssiz qalması isə ikili standartların  təəssüf doğuran təzahürüdür .
Ali Baş Komandan cənab İlham Əliyev Qarabağda əkshücum əməliyyatları başladığı ilk gündən bütün çıxışlarında, bütün müsahibələrində qətiyyətlə vurğulamışdır ki, Ermənistanın xain hücumları Azərbaycanı zərrə qədər yolundan döndərə bilməz. Çünki, Azərbaycan haqq yolundadır və bu yolu uğurla davam etdirir.
Oktyabrın 17- də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutdu . Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum çoxlu sayda mülki insanların itkisinə səbəb oldu . 14 mülki şəxs,  o cümlədən 2 uşaq həyatını itirdi , 55-dən çox insan ciddi yaralandı . Bütün bu baş verənlər ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir, Cenevrə Konvensiyasının müddəalarının kobud şəkildə pozulması deməkdir.
Amma həmişəki kimi , yenə də, necə deyərlər, bir gözümüz ağlayarkən digər gözümüz güldü. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev oktyabrın 17 –də səhər saatlarında xalqa müraciət edərək Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi,   İşıqlı kəndi, Dədəli kəndi  və Füzuli şəhərinin işğaldan azad edilməsi münasibətilə hər birimizi təbrik etdi. Bir daha fəxarətlə bəyan etdi ki , Azərbaycan xalqıının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qaytarılacaqdır . Azərbaycan hökuməti dağıdılmış şəhərləri və kəndləri yenidən quracaq və abadlaşdıracaqdır. İşğaldan azad edilmiş bütün ərazilərdəki məscidlərdən yenidən azan səsi eçidiləcək şəhidlərin ruhuna dualar oxunacaqdır . 
Oktyabrın 18-də Müstəqillik Gününü yaşayan Azərbaycanın tarixinə daha bir şanlı səhifə yazıldı:  Azərbaycanın Silahlı Qüvvələri Xudafərin körpüsü üzərində Azərbaycan Bayrağını dalğalandırdılar. Ali Baş Komandan İlham Əliyev “Twitter”hesabında Xudafərin körpüsü üzərində dalğalanan Azərbaycan Bayrağının görüntüsünü paylaşdı.
Bu məqaləni yazarkən, oktyabrın 19-da, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti dəfə öz “Twitter”hesabında yeni bir qələbə sevincini də bizə yaşatdı. Belə ki, Cəbrayıl rayonunun 13 kəndi də düşmən işğalından azad edildi. 
Cənab Prezident,  Ali Baş Komandan  bu dəfə  də əhdinə sadiq qalaraq Gəncənin qisasını döyüş meydanında aldı. Prezidentimizin də söylədiyi kimi,  bir daha sübut olundu ki, heç bir təzyiq Azərbaycanı bu haqq yolundan,  müqəddəs vətən yolundan,  şəhidlərin yolundan döndərə bilməz.
Hər açılan səhəri  işğaldan azad olan torpaqlarımızın müjdəli xəbərlərini almaq üçün səbirsizliklə gözləyirik. Bu xöşbəxt hissləri bizlərə yaşatdığınıza  və yaşatmaqda davam etdirdiyinizə görə cənab Ali Baş Komandan, Sizə  və müzəffər Azərbaycan Ordusuna minnətdarıq ! 
Qarabağ bizimdir !Qarabağ Azərbaycandır!
                                                                  “Demokratik İnkişafın Təşviqi “ İB sədri,                       ehtiyatda olan zabit Çingiz Dadaşov



Oxşar xəbərlər