Xalq Cümhuriyyəti dövründə və bu gün Dövlət-Din münasibətləri


  • 16:21 / 12 06 2020 |
  • Bölmə: Bilgi


XX əsrin əvvəllərində dünyada baş verən ictimai-siyasi proseslərdə Azərbaycanda siyasi təşkilatlanma prosesi sürətləndi. Siyasi partiyaların və təşkilatların yaranması nəticəsində milli-azadlıq hərəkatı formalaşdı. Azərbaycanında inzibati cəhətdən daxil olduğu Pusiya imperiyasının Birinci Dünya Müharibəsində məğlubiyyəti siyasi partiya və təşkilatların aşkar fəaliyyəti üçün yeni imkanlar yaratdı. 1917-ci ilin fevralında Rusiyada 300 ildən artıq hökmranlıq edən carizmin devrilməsindən sonra aparıcı qüvvələri milli-demokratik fikirli ziyalılar olan azadlıq mübarizəsi daha geniş xarakter aldı.Milli şüurun oyanışında imperiyanın və dünyanın müxtəlif təhsil ocaqlarına göndərilmiş gənclərin böyük rol oldu.

Təhsil aldıqdan sonra Vətənə qayıdan gənc mütəxəssislər tədricən anladılar ki, böyük ideyalara qovuşmaq üçün ilk növbədə qan yaddaşına qayıtmaq, millətinin tarixini, mənəvi dəyərlərini araşdırmaq lazımdır. Azərbaycanda formalaşan milli-azadlıq hərəkatının güclənməsindən və genişlənməsindən qorxuya düşən çarizmin hakim dairələri milli və dini zəmində ixtilaflar yaradaraq xalqımızın azadlıq mübarizəsini boğmağa çalışırdılar. Azərbaycanlılara qarşı 1918-ci ilin Mart Soyqırımını törətməklə milli-azadlıq hərəkatımıza zərbə vurmağa çalışan imperiya qüvvələrinin məkirli niyyətləri də xalqımızın mübarizə əzmini qıra bilmədi. Siyasi hadisələrlə zəngin bir həyat yaşayan Azərbaycanın milli-demokratik qüvvələri tarixi fürsətdən istifadə edərək milli zülümə qarşı birgə mübarizə aparmaq üçün nüfuzlu din xadimlərini maarifləndirimə xarakterli təbliğat işinə cəlb etdilər. Bakı şəhərini siyasi mərkəzə çevirməyə çalışan Azərbaycanın milli demokratik qüvvələri Təzəpir məscidi və onun axundu Ağa Əlizadənin xidmətlərindən maarifçilik təbliğatında istifadə etdilər. Rusiya hökuməti tabeliyində olan müsəlman əhalinin birləşməsindən narahat olaraq onların birliyini pozmaq üçün müxtəlif vasitələrə əl atırdılar.

Müsəlmanlar arasında baş verən siyasi və mədəni hadisələrin mahiyyətini düzgün təhlil etmək məqsədilə müvafiq idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə müşavirələr təşkil edilir və tədbirlər həyata keçirilirdi. Azərbaycan xalqının milli mənlik şüurunun gücləndiyi bir zamanda yaranmış tarixi şəraitdən istifadə edən milli ziyalılar 1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurası Tiflis şəhərində türk-müsəlman dünyasında ilk dəfə olaraq müstəqil demokratik dövlətin yaradıldığını elan etdilər. Müstəqilliyin elan olunması çar hökumətinin milli müstəmləkəçilik əsarətindən yorulmuş və öz milli dövlətini yaratmaq arzusunda olan yerli əhalinin əsas arzusu idi. İctimai-siyasi proseslərin müəyyən mərhələsində formalaşan dövlətlərin idarə olunmasında siyasi, iqtisadi, sosial və mədəni münasibətlərlə yanaşı dövlət və din münasibətləri də mühüm əhəmiyyət daşımışdır.Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin əsasını təşkil edir.

Səmavi dinlərin sonuncusu olan İslam dini tarixi dövr ərzində milli birliyi təmin etmək üçün önəmli olmuşdur.İslam dininin mənəvi üstünlüklərini dəyərləndirən Cümhuriyyət qurucuları yeni yaranan dövlətdə siyasi sistemin bütün əlamətləri və funksiyaları ilə yanaşı dövlət-din məsələlərinə də xüsusi önəm verdilər. AXC-nin İstiqlal Bəyannaməsində milli və dini məsələlərlə bağlı müddəalar öz əksini tapdı. Qafqaz müsəlmanlarının vahid ruhani idarəsini yaradan yeni milli hökumət şiə və sünni dairələrində əməkdaşlığına nail olmuşdu.Hər iki idarənin rəhbərləri Məhəmməd Pişnamazzadə və müfti Mustafa Əfəndizadə nüfuzlu din xadimləri idi. Fətəli xan Xoyskinin rəhbərliyi ilə 1918-ci ilin 17 iyun tarixində formalaşan AXC hökuməti milli ənənələri əsas götürərək əhalinin dini ehtiyaclarını təmin etmək məqsədilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi (XMDEN) yaradıldı və N.B.Yusifbəyli bu quruma rəhbər təyin olundu. Nazirlik dərhal din xadimləri və dini qurumlarla sıx əməkdaşlığa başladı. Ölkənin parlamentində Azərbaycanın milli, dini tərkibi nəzərə alındı, müsəlmanlara 80, xristianlara 35 yer ayrıldı, özü də ən çox yer ermənilərə verildi.

Onları parlamentdə 21 deputat təmsil edirdi. AXC hökuməti yarandığı vaxtdan Tiflis şəhərində fəaliyyət göstərdiyi üçün şiə və sünni ruhani idarələridə orda yerləşirdi. Milli hökumət Gəncə şəhərinə köçürülən zaman Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinində Gəncə şəhərinə köçürülməsi qərara alındı və 1918-ci ilin sentyabrın 1-də könüllü olaraq vahid orqanda birləşdilər. AXC fəaliyyəti dövründə din xadimlərinin milli oyanışa dəstək vermələri nəticəsində dini təyinatlı məkanların əksəriyyəti xalqın məşvərət yerinə çevrilmişdi. Təzəpir məscidi və İsmailiyyə binası bu qəbildən olan mərkəzlərdən hesab edilirdi. Bakı şəhəri 1918-ci ilin sentyabrında azad olunduqdan sonra Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi də Bakıya köçürüldü. Səhhəti ilə əlaqədar idarənin sədri Molla Məhəmməd Pişnamazzadə istefa verdi. AXC-nin dini etiqad naziri Musa bəy Rəfiyevin tövsiyyəsi ilə Bakı şəhər qazısı Axund Ağa Əlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri və şeyxülislam vəzifəsinə seçildi.Həmin dövrdən etibarən elmi-dini fəaliyyət üçün geniş imkanlar açıldı.23 ay mövcud olan AXC dövründə milli və dini dəyərlərimiz geniş təbliğ olundu.AXC devrildikdən sonra islam dininə düşmən kəsilən bolşevik rejimi Qafqaz Müsəlmanları Ruhani İdarəsini ləğv etməklə bərabər islam dininə və dindarlara qarşı qəddarlıq halları gücləndi. Siyasi baxışları ilə yanaş dini dəyərlərinə görədə insanlarımız təqib olundular.Məscidlər bağlandı, dini mərasimlərin keçirilməsi qadağan olundu. Çünki yüz illər boyunda insanların qəlbinə hopmuş dini dəyərlər sovet ideoloiyasını həyata keçirməyə mane olurdu. İkinci Dünya Müharibəsi zamanı faşizmə qarşı mübarizə zamanı çətin durumda qalan SSRİ rəhbərliyi müsəlman əhalinin birliyinin vacibliyini qəbul etdi.

SSRİ Ali Sovetinin 14 aprel 1944-cü il tarixli qəarı ilə Cənubi Qafqaz Müsəlmanlarının Ruhani İdarəsi yaradıldı. İdarənin ilk sədri olan Şeyxülislam Ağa Əlizadənin rəhbərliyi altında dini icma başçıları xalqı vətənə sədaqətlə xidmət etməyə çağırdılar. Şükürlər olsun ki, XX əsrin sonlarında Azərbaycan xalqı yenidən öz müstəqilliyinə qovuşdu. Digər milli-mənəvi dəyərlərimizlə yanaşı dini dəyərlərimizdə geniş təbliğ olunmağa başladı. İslam dininin Azərbaycan ərazisində yayıldığı dövrdən bu günədək olan tarixə nəzər salsaq millətin formalaşmasında onun birləşdirici amil kimi çıxış etdiyinin şahidi olarıq. Bu gün Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, qalan 4 faizi isə digər dinlərin nümayəndələridir ki, bunların arasında heç bir ayrıseçkilik yoxdur. 1918-1920-ci illər Cümhuriyyət dövrünə və 1991-ci ildən sonra müstəqilliyimizin bərpası dövrünə nəzər salanda görürük ki, dövlət atributlarımızın yaradılması zamanı dini dəyərlərimizə xüsusi önəm verilmişdir. Bayraq və gerbimizdəki islam rəmzi olan yaşıl rəngin təsviri İslam dininin çağdaş bir din olmasının sübutudur. Müstəqilliyimizin bərpasından sonra “Dini etiqad azadlığı haqqında”

Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, məscid və ziyarətgahlar bərpa olunmuşdur. Islam dəyərlərini xalqımızın milli sərvəti kimi qiymətləndirən görkəmli dövlət xadimi Heydər Əliyev 1994-cü ilin iyul ayında müqəddəs “Məkkə və Mədinə” yə ümrə səfəri zamanı müsəlman dövlətlərin başçıları ilə görüşlərində apardığı söhbətlərdə İslam dini və dinin əsasını təşkil edən müqəddəs Quran barəsində qiymətli fikirlərində vurğulamışdır ki, Quranın hökum və göstərişləri Azərbaycan müsəlmanlarının Allahın müəyyən etdiyi yol ilə getmələri üçün məşəldir, Azərbaycan bu yolla gedir və gələcəkdə də gedəcəkdir. Hakimiyyətinin bütün sonrakı dövrlərində bu vədinə əməl edən Ulu Öndər dinin, dini təsisatların və etiqad azadlığının Azərbaycan cəmiyyətində oynadıqları rola diqqəti azaltmamışdır. ”Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa 1996 və 1997-ci illərdə əlavə və dəyişikliklər edilməklə dövlət və din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu. Dövlətin din sahəsinə və dindarlara qayğısı artdı. Azərbaycanda din sahəsində davamlı olaraq verilən bəyənatlar və qəbul olunan qanunlar əsasında hüquqi baza yaradıldı. Milli-mənəvi dəyərlərə yüksək önəm verən Ümummilli lider demişdir:

”Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”.Tarixin ayrı-ayrı dönəmlərində bu torpaqlarda müxtəlif dinlərin nümayəndələri bir-birinə təsir göstərmədən, birgə yaşamışlar. Vətəndaşların vicdan azadlığı Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci və 48-ci maddələrində öz əksini tapmışdır. Milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix və adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. Azərbaycanda təkcə İslam dininə mənsub olanlar deyil, eyni zamanda digər dinlərin və xalqların nümayəndələri də bizimlə birgə, bərabər, yaşayıb, sərbəst, heç bir məhdudiyyət olmadan öz dini və milli inanclarını icra ediblər. Xalqımızın islamaqədərki və islamdan sonakı milli və mənəvi dəyərləri saysız-hesabsız təhdidlərə və çətinliklərə tab gətirmişdir. Xalqımız öz varlığını milli kimliyimiz və mənəvi birliyimiz sayəsində saxlaya bilmişdir. Tarixin müxtəlif dövrlərində ölkəmizdə qeyri-İslam dinindən olan insanlar üçün də ibadət yerləri, kilsələr, sinaqoqlar fəaliyyət göstərib və bu gün də onlar öz fəaliyyətlərini davam etdirirlər Zaman keçdikcə sürətlə dəyişən və inkişaf edən dünyamızda insan hüquq və azdlıqlarının yüksək səviyyədə qorunması, sosial rifahın daha da yüksəldilməsi, ictimai təhlükəsizliyin daha etibarlı təmin edilməsi istiqamətində qanunvericilik sistemində islahatların aparılması zərurətə çevrilmişdir.

Bu baxımdan Ümummilli Lideri Heydər Əliyevin 21 iyun 2001-ci il tarixində 512 saylı fərmanı ilə yaradılmış Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas vəzifəsi Konstitusiyamızın dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin icrası üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir. Müstəqillik tariximizdə dövlət və din siyasətindəki uğurlu strategiyanın əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gündə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbii ki yaşadığımız qloballaşan dünyada zərərli dini bilgilərin qarşısını tam almaq mümkün deyildir. Qarşımızda duran başlıca vəzifə zərərli dini təbliğata qarşı alternativ maarifləndirməni həyata keçirmək, məlumatların doğru, düzgün və milli dəyərlərimizə yad olmayan mənbələrə əsaslanaraq təbliğ edilməsidir. Cənab Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında 27 noyabr 2014-cü il tarixdə imzaladığı sərəncam böyük əhəmiyyətə malikdir. Bu sərəncamdan sonra dövlətin din sahəsinə və dindarlara qayğısı daha da artdı. 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan olunması dini-mənəvi dəyərlərə qayğının nəticəsidir. Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti bu baxımdan diqqətə layiqdir. Fond tərəfindən ayrı-ayrı din xadimlərinə və dini icmalara ayrılan maliyyə yardımları mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyinin bariz nümunəsidir. Ölkəmizdə aparılan uğurlu dövlət-din siyasəti nəticəsində xalqımızın əsrlərin sınağından çıxan milli adət-ənənələrinin yaşadılması üçün bütün lazımi şərait yaradılıb. Məhz bu baxımdan, respublikamızda dövlət-din münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənərək tolerantlıq prinsipləri əsasında daha da inkişaf etdirilir. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması və möhkəmləndirilməsi, tarixi dini abidələrimizin bərpası təkcə dövlətin dinə qayğısı kimi deyil, vətəndaş cəmiyyəti quruculuğunda milli-mənəvi dəyərlərə sadiqlik, bağlılıq kimi qiymətləndirilir. 
 
Qabil Əliyev



Oxşar xəbərlər